Moldova Azərbaycanla hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Digər xəbərlər

Moldova Azərbaycanla hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İyulun 28-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Moldovanın Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Moldova arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir digər sahələrlə yanaşı, hüquqi əlaqələri qeyd edib, imzalanmış ikitərəfli sənədlərin əhəmiyyətindən danışıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən qonaq hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu söyləyib, ölkəsində prokurorluq və məhkəmə sistemində islahatların aparıldığını bildirərək Azərbaycan təcrübəsinə maraq göstərib.

Nazir bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun aparılan və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, nümayəndə heyətinin maraq doğuran çoxsaylı suallarını cavablandırıb.

Eyni zamanda, hər iki ölkədə korrupsiyaya qarşı mübarizənin prioritet olduğu vurğulanaraq F.Məmmədov vitse-prezidenti olduğu və Azərbaycanın aktiv iştirak etdiyi Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyanın fəaliyyətindən bəhs edib. Bu ərəfədə ölkəmizin təşkil etdiyi qlobal antikorrupsiya mübarizəsinə həsr olunan və bütün qitələri əhatə edən geniş beynəlxalq vebinarda moldovalı mütəxəssislərin fəal iştirakını qeyd edib.

Baş prokuror verilən məlumatları minnətdarlıqla qarşılayaraq təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlərin, məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə toxunularaq, bu prosesə ciddi əngəl törədən torpaqlarımızın büsbütün, hətta müharibədən sonra minalanması qeyd olunub, 300-dən çox insanın minaya düşərək yaralandığı və ya həlak olduğu bildirilib, bununla bağlı qonağa xüsusi broşür təqdim edilib.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Tədbirdə hər iki ölkənin səfirləri iştirak ediblər.

Mustafa KAMAL,

“Respublika”.