Media azadlığı yüksək səviyyədə təmin olunur
Digər xəbərlər

Media azadlığı yüksək səviyyədə təmin olunur

Azərbaycanın mətbuat tarixində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövr yeni mərhələnin başlanğıcı hesab olunur. Çünki məhz bu dövrdə ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirildi, mətbuatın inkişafına əlverişli mühit yaradıldı.

Ümummilli liderimizin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş İdarə ləğv olundu. "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulundan sonra isə ölkə mətbuatı özünün çiçəklənmə dövrünə qədəm qoydu. Qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, həmçinin jurnalistlərin dövlətin ali mükafatları, o cümlədən orden və medallarla təltif olunmaları azad medianın formalaşması istiqamətində görülən işlərin təcəssümüdür.

1998-ci ilin 6 avqustunda Heydər Əliyevin imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verdi. Bir məqamı da vurğulamaq lazımdır ki, 2003-cü il martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması media sahəsində pərakəndəliyin aradan qaldırılmasına öz töhfəsini verdi.

Ulu öndərin ölkə mətbuatına göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycanda jurnalistlərin mənzillərlə təmin olunması, fəxri adlarla təltif edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, son olaraq isə "Media haqqında" yeni qanunun tətbiq edilməsi dövlətin azad sözün və mətbuatın inkişafına diqqətinin bariz nümunəsidir.

Ötən illər ərzində ölkəmizdə bir sıra sosial-iqtisadi islahatlar keçirildi, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda qüdrətli ölkəyə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ölkəmizin nüfuzunun yüksəlməsini təmin edib, beynəlxalq aləmdə ölkəmizin qlobal əhəmiyyətli aktora çevrilməsində müstəsna rol oynayıb. Respublikamız Cənubi Qafqazda yeganə ölkələrdəndir ki, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və əsaslı addımlar atır.

Prezident İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı iştirakı da xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının Forumda çıxışı, dünya mediasının rəhbər nümayəndələrinin dövlət başçımıza ünvanladığı suallar və Prezident İlham Əliyev tərəfindən göstərilən praqmatik həll yolları ölkə liderinin fərdi bacarıq və keyfiyyətlərinin bariz nümunəsidir. Prezident İlham Əliyevin 2021-ci ildə Brüsseldə İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsi zamanı söylədiyi fikirlər bir daha ölkəmizdə medianın yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyir: "Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür".

Azərbaycana qarşı kampaniyanın geniş vüsət aldığı məqamlarda Prezidentin Azərbaycanın haqlı mövqeyini ortaya qoyması dövlətimizin başçısının müdrikliyinin göstəricisidir. Şuşada keçirilən Beynəlxalq Media Forumunda Azərbaycan-Ermənistan münasibətlərindən, dünyanın ayrı-ayrı bölgələrində cərəyan edən münaqişələrdən, geosiyasi kataklizmlərdən başlayaraq, enerji təhlükəsizliyinədək ən müxtəlif sualları təkzibolunmaz faktlara istinad etməklə müqayisəli şəkildə cavablandırması haqlı mövqeyimizin təcəssümüdür. Dövlətimizin başçısının qlobal medianın gündəminin ən vacib mövzusuna çevrilən "Euronews"a verdiyi müsahibə isə çox yüksək qiymətləndirilir. Cənubi Qafqazda, eləcə də dünyada cərəyan edən proseslərin Azərbaycanın obyektiv, müstəqil baxış bucağından təhlil edilməsi də müsbət amil kimi xarakterizə olunur.

Röya RÜSTƏMLİ,

"Respublika".