Makronun yaratdığı gərginlik artmaqda davam edir
Digər xəbərlər

Makronun yaratdığı gərginlik artmaqda davam edir

Fransada xalq təqaüd yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı qanun qəbul edilməsi haqqında təklifdən sonra etiraz aksiyalarına başlayıb. Qanuna görə, vətəndaşlar pensiya almaq üçün 2027-ci ildən etibarən 43 il işləməli olacaqlar. Etiraz aksiyaları dəmir yolu, hava yolu, məktəblər və xəstəxana xidmətlərinin müddətsiz dayandırılması kimi ciddi addımlarla müşayiət olunur. Bununla yanaşı, həkimlərə ayrılan aylıq əməkhaqqının az olmasından da şikayətlənən etirazçılar şəhər meydanlarında toplaşmağa davam edirlər. Etirazçıların böyük çoxluğu aclıq aksiyasına başlayıb.

Qanunun qəbul edilməsi haqqında təklif 2020-ci ilin qış aylarında verilsə də, COVID-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmışdır. 2022-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanan E.Makron apreldən sonra bu təklif ilə bağlı məsələlərə diqqətini artırdı. Lakin həmin seçkilərdə Makronun siyasi partiyası - Ensemble (Birlik) parlamentdə gücünü itirdi. 2017-ci ildən etibarən çıxışlarında fransız xalqının daha çox çalışmalı olduğunu vurğulayan ölkə başçısı təqaüd proqramını yeniləməklə bağlı qətiyyətli addımlar atır. Fransa prezidentinin islahatlardan geri çəkilməsində mühüm rol oynaya biləcək həmkarlar ittifaqı isə 1995-ci ildəki Jak Şirak hökumətini geri addım atmağa məcbur edən tətilləri dəstəkləyir.

"Revue politique et Parlamentaire" adlı siyasi jurnalın rəsmisi Arnold Benedetti ölkədəki etiraz aksiyalarının genişlənəcəyini və etirazçıların sayının 1 milyondan 1,5 milyona qədər artacağını proqnoz edib. Aparılan son sorğularda Fransa xalqının 66%-nin bu təklifə qarşı olduğu açıqlanıb. Nottingem Universitetinin Fransa siyasəti üzrə professoru Paul Simit deyir: "İctimai müxalifətin böyük bir hissəsi fransızları təqaüdə çıxmamaqla bağlı dirənişə səsləyənlərdir". Fransa hökumətinin Almaniya da daxil olmaqla qonşu ölkələrdə pensiya yaşının daha yüksək olduğuna inandırmaq cəhdləri isə fayda vermir. Şübhəsiz ki, Makronun bu addımı xalq arasında qəbul olunmur. İqtisadi ekspertlər isə Fransa prezidentinin ilkin mərhələdə qanun təklifini təxirə salıb daha sonra yenidən gündəmə gətirməsini, xalq ilə hökumət arasındakı dialoqun baş tutmaması və artan etiraz aksiyalarını nəzərə alaraq inflyasiya dəyərinin artacağı proqnozunu verib. Baş nazir Elizabet Borne isə ölkədəki pensiya sisteminin tarazlaşdırılması üçün bu layihənin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.

Korsikada nə baş verir?

Korsika adasında uzun müddət sonra müstəqillik və ya muxtariyyət tələbləri yenidən gündəmə gəlib. Küçələrə axışan korsikalı gənclər qəhrəman kimi gördükləri "Kolonna"ya hücumda Fransa dövlətini ittiham edərək etiraz aksiyaları keçiriblər. Ötən ilin aprelində prezident seçkilərinin ilk turunun keçirildiyi zaman Fransada 100-dən çox adamın yaralandığı bildirilir. Bu etirazların daha böyük miqyas almasından narahat olan prezident Emmanuel Makronun administrasiyası həmin dövrdə nümayişlərdən dərhal sonra daxili işlər naziri Gerald Darmanini Korsikaya göndərib. Yerli hakimiyyət orqanları ilə danışan Darmanin "Corse Matin" qəzetinə verdiyi açıqlamada adanın muxtariyyətini qəbul edə və bu mövzuda səlahiyyətli nümayəndələrlə dialoqa başlaya biləcəklərini deyib.

Qeyd edək ki, adanın 71 faizi muxtariyyət tələb edir. Digər tərəfdən, adadakı administrasiya 2015-ci ildən bəri tam müstəqillik və ya muxtariyyəti müdafiə edən korsikalıların əlindədir. Fransanın ümumi əhalisinin yüzdə 53-nün adanın muxtariyyətinə "hə" dediyinə işarə edən analitiklər, bu nisbətin yüzdə 18 olduğunu bildirərək 1989-cu ildən bəri bu rəqəmin təxminən üç dəfə artdığını vurğulayırlar.

Nurlan ABDALOV,

"Respublika".