Makrona növbəti “yumurta hücumu”
Siyasət

Makrona növbəti “yumurta hücumu”

Kənd təsərrüfatı ilə bağlı Avropanı bürüyən etiraz dalğaları son zamanlar Fransanı da cənginə alıb. Nümayişlərin əsas səbəblərindən biri də fermerlərin hakimiyyətdən narazılığıdır.

Göründüyü kimi, Makron iqtidarının yarıtmaz siyasəti beynəlxalq müstəvidə olduğu kimi, ölkə daxilində də mənfi tendensiyalara yol açır. Bu da onu göstərir ki, ölkə başçısının qəbul etdiyi qərarlar ölkədə sahibkarlıq mühitini boğur, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir. Son dövrlər Fransada fermerlərin keçirdikləri etiraz aksiyaları zamanı 79 nəfər saxlanılıb. Fermerlər hökumətin və Avropa İttifaqının (Aİ) iqtisadi problemlərə effektiv həll yolları təqdim etməməsindən qəzəblənirlər.

Ukrayna-Rusiya müharibəsindən sonra enerji və dizel qiymətlərinin artması nəqliyyat xərclərinin çoxalmasına səbəb olub. Nəticədə Aİ-nin Ukraynadan gətirilən kənd təsərrüfatı məhsullarına rüsumsuz icazə vermək qərarı əvvəlcə Şərqi Avropa ölkələrində, sonra isə digər üzv dövlətlərdə fermerləri çətin vəziyyətdə qoyub. Prezident Emmanuel Makron özü də Avropanın kənd təsərrüfatı sektorunun böyük böhranla üzləşdiyini etiraf edib.

Bu isə problem və çətinliklərin həlli yolu deyil. Onlar artan qiymət və vergilərdən, bürokratiyadan, ətraf mühitlə bağlı qaydalardan və gətirilən ucuz ərzaqla pis duruma düşmələrindən gileylənirlər. Paytaxt Parisdə alovlanan etiraz dalğalarına ölkənin ayrı-ayrı əyalətlərində olan fermerlər də qoşulub. Məlumata görə, fermerlər etiraz aksiyalarında vergilərinə və gübrə qiymətlərinin artırılmasına qarşı şüarlar səsləndirirlər. Təbii ki, hökumətin etirazçılara məhəl qoymaması vəziyyəti daha da gərginləşdirir. Buna görə də fermerlər etirazlarını qeyri-adi formada ifadə etmək məcburiyyətində qalırlar. Bir müddət əvvəl onlar Tuluzada hökumət binasının qarşısındakı meydanda peyin yandırmışdılar. Bu etiraz forması fransız fermerlər tərəfindən həm də Pau və Bayonne şəhərlərində hökumət binalarının qarşısına təkər, peyin və zibil tökməklə davam etmişdir. Digər bir etiraz forması isə ölkənin əksər yollarının fermerlər tərəfindən traktorlar vasitəsilə bloklanmasıdır. Bəzi yollar işlənmiş təkərlər, metal əşyaları, taxta parçaları ilə bağlanıb, hətta peyin, saman tökülərək böyük tonqallar qalanıb.

Bir neçə gün əvvəl Parisdə təşkil edilən kənd təsərrüfatı sərgisində iştirak etmək istəyən Makron daha gülünc vəziyyətə düşüb. Belə ki, fermerlər polis səddini keçərək Fransa prezidentinin də iştirak etdiyi sərginin keçirildiyi məkana daxil olub, ona qarşı etiraz şüarları səsləndiriblər. "Makron istefa ver" şüarı səsləndirərək lazım gələrsə, Makronu öz əlləri ilə yarmarkadan uzaqlaşdıracaqlarını deyiblər. Makronun qarşılıqlı görüş və danışıq təklifi isə onu fitə basaraq hücum cəhdi ilə cavablandırılıb. Mühafizəçilər fermerlərin qarşısını kəsməyə çalışsalar da vəziyyət dramatik hal alıb. Daha sonra etirazçılar öz münasibətlərini jandarmalara və məmurlara yumurta atmaqla bildiriblər. O ki qaldı Makrona, o, ənənəvi "yumurta hücumu"ndan, "asta qaçan namərddi" deyərək canını, təcili məkanı tərk etməklə qurtarıb. Onun qaçış görüntüləri isə dünya mediasının gündəminə çevrilib.

Sonra əraziyə gətirilən xüsusi polis dəstələri ilə fəallar arasında qarşıdurma yaranıb və bəzi fermerlər saxlanılıb. Etirazçılara bibər qazı ilə müdaxilə edilib. Göründüyü kimi, Makron hakimiyyəti ölkəsində insanların etirazlarını dinləyib həll etmək əvəzinə, zorakı üsullara əl atır. Etiraz edən fermer birliklərinin, xüsusən "Coordination Rurale"nin nümayəndələri martın 3-dək kənd təsərrüfatı şousu boyunca oraya gələn siyasətçilərə qarşı etiraz aksiyaları keçirməyi planlaşdırır. Daxili Təhlükəsizlik Baş İdarəsi, həmçinin fermerlərdən sərgini pozmaq üçün "fərdi təşəbbüslər" ehtimalını da güman edir. Hazırkı Fransanın mənzərəsi budur, ölkə çaxnaşma və toqquşmalar meydanına çevrilib. Narazı insanların tələblərinə dövlət müsbət yanaşma sərgiləmir, nəticədə etirazlar daha böyük miqyas alır. Bir məsəldə deyildiyi kimi, Makron "özünə umac ova bilmir, başqasına əriştə kəsir". Yəni Fransa hakimiyyəti daxili məsələlərini həll etmək əvəzinə, uzaq sərhədlərə, Cənubi Qafqaza kimi iştahlanır. Şəxsi maraqları naminə yalançı erməni sevgisi nümayiş etdirməyə çalışan Makron yaxşı olardı ki, öz millətinin və qaynayan qazanı xatırladan ölkəsinin halına yansın.

Ramidə YAQUBQIZI,

"Respublika".