Macarıstan Azərbaycanın Avropada etibarlı lobbiçisidir
Siyasət

Macarıstan Azərbaycanın Avropada etibarlı lobbiçisidir

Azərbaycan türk və ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də siyasi-iqtisadi sahədə sıx əlaqələr qurur. Azərbaycan-Macarıstan əməkdaşlığı da uğurla inkişaf etdirilir.

Bu iki ölkənin münasibətləri dərin tarixi köklərə söykənir. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olan Macarıstan artıq uzun illərdir ki, ölkəmizin Avropa İttifaqındakı strateji tərəfdaşlarından biridir və Budapeştlə Bakı bütün beynəlxalq platformalarda yaxından əməkdaşlıq edir, bir-birilərinin ərazi bütövlüyünə, suverenliyinə açıq və birmənalı dəstək verirlər. Əlbəttə ki, ölkəmizlə Macarıstan dövləti arasında siyasi əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi iqtisadi münasibətlərin də inkişafına gətirib çıxarır. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olundu. Ölkəmiz Macarıstan üçün Avropa ilə Asiya arasında körpü rolunu oynayan, strateji coğrafi mövqeyə, təbii resurslara malik olan dost ölkədir. Hər iki ölkənin liderlərinin qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı yürütdükləri siyasət iqtisadi-siyasi münasibətləri daha da inkişaf etdirir. Bu vaxtadək iki ölkə arasında imzalanan sənədlərin siyahısı kifayət qədər genişdir və həmçinin əməkdaşlıq üçün önəm kəsb edən bütün sahələri əhatə edir. Ümumilikdə, Azərbaycanla Macarıstan arasında bir çox sahələrdə əməkdaşlığı ehtiva edən 60-a yaxın ikitərəfli və çoxtərəfli sənədlər imzalanıb. Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin yeni bir mərhələyə yüksəldiyini təsdiqləyir.

Azərbaycanın Şuşa və Macarıstanın Vesperm şəhərlərinin qardaşlaşması ilə bağlı Prezidentin səfəri çərçivəsində həmin şəhərlər arasında sənəd imzalanıb. Bu sənəd Macarıstan dövlətinin, xalqının Azərbaycana, onun ərazi bütövlüyünə və mədəniyyətinə olan yüksək münasibətin nümunəsi kimi dəyərləndirilir. Macarıstanda keçirilən çox önəmli dövlət tədbirlərinə hər zaman Azərbaycan dövlət rəhbərliyi səviyyəsində dəvət edilir və Macarıstan xalqı, dövləti üçün tarixi əhəmiyyətli, vacib dəyərə malik olan günlər məhz Azərbaycan liderinin iştirakı ilə qeyd olunur. Bu baxımdan deyə bilərik ki, Azərbaycan-Macarıstan əməkdaşlığının daha böyük perspektivləri var.

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın "Wizz Air" şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfər edib. Yanvarın 30-da Macarıstan Prezidenti xanım Katalin Novak Prezident İlham Əliyevlə görüşüb. Görüş başa çatdıqdan sonra Azərbaycan və Macarıstan tərəfi bir sıra sənədlər imzalayıblar. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.

Prezident İlham Əliyev görüş zamanı bildirib: "Əgər bu il haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır. Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər". Macarıstan Azərbaycanın haqq işini daim beynəlxalq platformalarda dəstəkləyən ölkələrdən biri sayılır. Macarıstan kimi Avropada önəmli söz sahibi olan bir ölkənin daim bütün beynəlxalq təşkilatlarda və platformalarda Azərbaycanı dəstəkləməsi ölkəmizin önəmli bir müttəfiq qazanması deməkdir.

Röya RÜSTƏMLİ,

"Respublika".