Azərbaycana olan inam və etimadın təsdiqi
Siyasət

Azərbaycana olan inam və etimadın təsdiqi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanda keçiriləcək.

Hər il dünyanın hər yerindən hökumət nümayəndələri toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səy göstərmək üçün çağırışlar edir.

Bakıda keçiriləcək COP29-un sadəcə ekoloji problemlərin müzakirə olunduğu konfransdan daha çox onların həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal tarixi foruma çevriləcəyi gözlənilir.

Bu günədək ətraf mühitin qorunması ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər Azərbaycanın aktual ekoloji problemləri həll etmək, bununla əlaqədar digər ölkələrlə işləmək üçün böyük imkanlarının olduğunu söyləməyə əsas verir. Ölkəmizdə keçiriləcək COP29 iqlim dəyişikliyinin azaldılmasına və ekoloji cəhətdən təmiz təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində Azərbaycanın fəal rolunu bir daha önə çıxaracaq.

Azərbaycan mühüm qlobal konfransa evsahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu artırır.

COP29-un Bakıda keçirilməsi qərarı beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Bu, ilk növbədə Azərbaycanın iqlim dəyişiklikləri məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin BMT tərəfindən etirafıdır. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarını 35 faiz azaltmağı hədəfləyir. Növbəti məqsəd 2050-ci ilə qədər istixana qazlarını 40 faiz azaltmaqdır. Bu vəzifələrin həyata keçirilməsi üçün cari ilin oktyabr ayında Azərbaycan "Masdar" şirkəti ilə birlikdə Xəzər regionunda və bütün MDB məkanında ən böyük xarici investisiyalar əsasında gücü 230 MVt olan ilk günəş elektrik stansiyasını istifadəyə verib. Bundan əlavə, 2027-ci ilə qədər Masdar, ACWA Power, BO, China Gezhouba, Nobel Energy və Baltech 1,6 GVt-dan çox gücü olan səkkiz günəş və külək elektrik stansiyası tikəcək. 2030-cu ilə qədər isə xarici investisiyalar hesabına quruda və dənizdə daxili istehlak, iqtisadiyyatın karbonsuzlaşdırılması və ixrac üçün 8 GVt-dan çox yaşıl enerji layihələri həyata keçiriləcək. Və nəhayət, 2031-2037-ci illərdə "yaşıl" enerjinin, hidrogenin, "yaşıl" ammonyakın istehsalı və ixracı üçün ölkəmiz beynəlxalq enerji şirkətləri ilə birlikdə təxminən 19 GVt enerji istehsal gücü yaratmağı planlaşdırır. Nəticədə 2050-ci ilə qədər ölkəmizin əksər hissəsi "xalis sıfır emissiya" zonasına çevriləcək.

COP29-un Azərbaycanda keçirilməsinin önəmini artıran amillərdən biri də ölkədə siyasi və iqtisadi sabitliyin BMT səviyyəsində tanınması ilə bağlıdır. Yəni, Azərbaycanın belə böyük beynəlxalq tədbirə evsahibliyi edən ölkə seçilməsi o deməkdir ki, BMT-nin nöqteyi-nəzərindən Azərbaycan kifayət qədər sabitdir və COP29-un təşkilini poza biləcək risk və fors-majorların səviyyəsi kifayət qədər aşağıdır.

Ölkəmiz dəfələrlə yüksək səviyyədə dünya miqyasında mötəbər tədbirlərə evsahibliyi edib. Bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycan sabit, təhlükəsiz ölkədir, irimiqyaslı tədbirlərin təşkili üçün zəruri olan müasir infrastruktura malikdir.

Azərbaycanın 2024-cü ildə ən böyük və ən mühüm tədbirlərdən birinə - COP29-a evsahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti zəfər qələbəsidir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətimizin ən böyük uğuru hesab oluna bilər. Dövlət başçısının addımları bir daha sübut edir ki, Azərbaycanın müsbət imicini heç nə sarsıda bilməz.                                             

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.