Siyasət

"Dondurulmuş yarımfabrikat" və ya "xaosu fürsətə çevirmək" cəhdləri

Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağda mövcud olmuş xunta rejiminin buraxılması kağız üzərində bu il yanvarın 1-də yekunlaşmalı idi. Kauntdaunun (geri sayım) 3 aya yaxındır ki, bitməsinə baxmayaraq, Ermənistana sığınmış keçmiş separatçı rejimin bəzi "nümayəndə"ləri bilavasitə İrəvan hökumətinin əli ilə yenidən qabağa verilir. İlkin olaraq, Qarabağdan könüllü köç etmiş erməniləri beynəlxalq arenaya "miqrant" kimi qələmə verən Paşinyan bu addımı ilə Qərbin haylara olan təəssübkeşlik hissini artırmağı düşünür. Könüllü köç edənləri dövlətin himayəsi altına alması və şişirtməsi də məsələnin digər tərəfidir. Artıq İrəvanın Qarabağdan köç etmiş erməni sakinlərindən siyasi təəssübkeşlik aləti kimi istifadə etdiyi bəllidir. Üzdə keçmiş xunta rejimini tanımadığını deyən rəsmi İrəvan tez-tez həmin keçmiş rejimin "nümayəndə"ləri ilə görüşlər keçirir, hətta onları Qərbə doğru da istiqamətləndirir. Belə aydın olur ki, İrəvan eynilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan münasibətdəki kimi, Qarabağ məsələsinə də "dondurulmuş" statusu vermək istəyir.

Ötən ayın əvvəllərində Ermənistan parlamentinin sədri və ölkənin əsas 5 partiyası olan "Ədalət", "Milli Demokratiya Partiyası", "Vahid Vətən", "Mənim namusum var" və "Hayastan" partiyaları, həmçinin onlara mənsub fraksiya üzvləri keçmiş xunta rejiminin "nümayəndə"ləri ilə mütəmadi olaraq görüşüblər. Keçmiş münaqişəni hər vəchlə yenidən canlandırmaq istəyən erməni siyasətçilər, həm də onları Qərbdən gələn "qonaq"larla görüşdürməyə can atırlar. Artıq keçmiş rejimin son "rəhbər"i Samvel Şahramanyan da Qərb dairələri ilə yaxınlaşmaq istədiyini bildirib. Ermənistan mətbuatının bu məsələni geniş işıqlandırması isə təbii ki, bitmiş münaqişəni yenidən aktivləşdirmək və bütün istiqamətlərdə olduğu kimi, Qarabağ məsələsində də "dondurulmuş yarımfabrikat" siyasətini davam etdirməkdir. Ötən ilin sentyabrından sonra Ermənistanda məskunlaşan keçmiş rejimin bəzi "nümayəndə"ləri ölkədə aksiyalar keçirməyə başladılar. Baş nazir Nikol Paşinyan isə "xaosu fürsətə çevirmək" məqsədilə Qərbdə "yazıq erməni" obrazı formalaşdırmağa başladı. Bu yolla o ümid edir ki, öz xalqının "ürəyinə gedən yol"u tapa bilər. Lakin erməni xalqı gözəl başa düşür ki, keçmiş xuntanın tör-töküntüləri cəfəng danışıqlarla öz vədlərinə xilaf çıxdıqlarını bir daha sübut edir.

Əslində revanşistlərin aktivləşməsi Ermənistanın əleyhinə işləyən prosesdir. Çox güman ki, İrəvan hökuməti keçmiş xuntaçılara dəstək verməyə davam edərsə, ağır deqredasiya ilə üzləşə bilər. Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına təhdid yaratmaq istəyən Hayastan Qarabağdan könüllü şəkildə gedən ermənilərin geri dönüşünü siyasi alətə çevirmək prosesini davam etdirəcəyi təqdirdə, bu sərsəm iddianın qarşısında Azərbaycan da Ermənistandan vaxtilə qovulmuş azərbaycanlıların geri dönüşünü tələb edə bilər. Bu da faktiki olaraq Qərbi Azərbaycan ideyasının reallaşmasına yol açır. Qərbi Azərbaycan ideyası tarixi həqiqətin, ədalətin bərpa olunması üçün mütəmadi olaraq qaldırılır və geniş təbliğat aparılır. Məlumdur ki, azərbaycanlılar təkcə ötən əsrdə 3 dəfə öz ərazilərindən zorla çıxarılıblar. Qərb dairələri heç vaxt bu faktı görmək istəmirlər. Lakin son illərdə bu sahədə görülən işlərin daha da artması beynəlxalq təşkilatları yenidən düşünməyə vadar edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün effektiv işlər görüldüyünü bildirmişdi: "...Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Ermənistan isə revanşistlərə "qol-qanad" verməklə özünü yenidən dalana sürükləyir. Onlar sülhə yanaşmaq əvəzinə, ölkədə revanşistlərin aktivləşməsi üçün iş aparırlar. Son dövrlərdə qeyri-sabit yol cızan Hayastan Qərb şirnikləndirmələrinə aldanaraq özünü məhvə sürüklədiyinin fərqində deyil. KTMT-də üzvlüyün dondurulması məsələsindən, Qərbin Ermənistana missiya yerləşdirmək üçün Hindistandan strateji yol açılmasına və sözügedən "mühacir dövlət" planlarına qədər tamamilə yanlış məqsədlərə xidmət edən düşmən ölkə təəssüf ki, İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliklərdən yayınır. Yürüdülən infantil siyasətin fəsadları isə Ermənistanı məhv edə bilər. "Xaosu fürsətə çevirmək" cəhdləri yekunda, "fürsətin xaosa çevrilməsi" ilə nəticələnə bilər.

Tacir SADIQOV,

"Respublika".