Macarıstan Avropa İttifaqında bizim ən etibarlı müttəfiqlərimizdən biridir
Gündəm

Macarıstan Avropa İttifaqında bizim ən etibarlı müttəfiqlərimizdən biridir

Azərbaycan türk və ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də siyasi-iqtisadi sahədə sıx əlaqələr qurur. Azərbaycan-Macarıstan əlaqələri də bu istiqamətdə uğurla inkişaf etdirilir. Bu iki ölkənin münasibətləri dərin tarixi köklərə söykənir və təsadüfi deyil ki, Macarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Macarıstan artıq uzun illərdir ki, Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşlarından biridir və Budapeştlə Bakı bütün beynəlxalq platformalarda yaxından əməkdaşlıq edir, bir-birilərinin ərazi bütövlüyünə, suverenliyinə açıq və birmənalı dəstək verirlər.

“Respublika”ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki,  Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və Avropa İttifaqında bizim ən etibarlı müttəfiqlərimizdən biridir: “Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində daim inkişaf edir. Azərbaycan Avropa İttifaqına daxil olan 9 ölkə ilə strateji müttəfiqliklə bağlı müqavilə imzalasa da, bunların arasında Macarıstan xüsusi yer tutur. İstər Avropa Parlamentində, istərsə də digər Avropa institutlarında Macarıstan bütün məsələlərdə Azərbaycanın mövqeyindən çıxış edir, bizi dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünə münasibətdə də Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, bu gün də davam edir”.

Ekspert həmçinin qeyd edib ki, Azərbaycan və Macarıstan geniş iqtisadi potensialı olan ölkələrdir: “Bu da iqtisadi sahədə fəal əməkdaşlığa geniş imkanlar yaradır. İki ölkə arasında 2014-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, eləcə də iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər bu sahədə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir.  İkitərəfli dostluq əlaqələri çoxtərəfli milli maraqlara xidmət edən platformaların yaradılmasına imkan yaradıb. Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayan Azərbaycanının Macarıstanla bu sahədəki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi 2023-cü il avqustun 21-də də Budapeşt və Bakı arasında imzalanan saziş gələcəkdə Azərbaycan qazının Macarıstana nəqlinin həcminin təqribən 1 milyard kubmetrə çatdırılmasına imkan yaratmaqla yanaşı, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında da mühüm rol oynayacaq. Sazişdə də qeyd edildiyi kimi, Macarıstan 2023-cü ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz almaqla yanaşı, həmçinin anbarlarda 50 milyon kubmetr Azərbaycan qazının saxlanması və siyasi saziş üzrə qaz tədarükünün bir milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Macarıstan regionda ən böyük təbii qaz anbarına malikdir və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulması hər iki tərəfə strateji perspektivlər vəd edir. Bu gün tam əminliklə demək olar ki, Macarıstanın Qafqaz regionu üzrə siyasətində Azərbaycan, ölkəmizin isə Şərqi Avropa dövlətləri ilə münasibətlərində Macarıstan xüsusi yer tutur”.

Röya RÜSTƏMLİ,

“Respublika”.