Dörd kəndin qaytarılması tarixi ədalətin bərpasıdır
Siyasət

Dörd kəndin qaytarılması tarixi ədalətin bərpasıdır

Müasir Azərbaycan son dörd ildə əldə etdiyi zəfərlərlə dünyanın diqqətini özünə cəlb edir. Ermənistanın 30 illik işğalı dövründə dövlətimiz daima dünya güclərinin ikili standartlarına, qərəzli münasibətinə məruz qalsa da Qarabağ məsələsi ilə bağlı mövqeyində heç bir zaman geri addım atmadı. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını yüksək tribunalardan bəyan etdi. Bundan başqa, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini də bildirib. Düşünülmüş və məqsədyönlü siyasətin bəhrəsidir ki, Azərbaycan bu gün öz torpaqlarını işğaldan azad edə bilib. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan 2023-cü ildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ötən il aprelin 23-də Laçın sərhəd buraxılış-məntəqəsinin təsis edilməsilə respublikanın ərazi bütövlüyü sentyabrın 19-da Azərbaycan Ordusunun Xankəndi və ətraf ərazilərində həyata keçirdiyi lokal xarakterli anti-terror tədbirləri nəticəsində isə suverenlik təmin olundu.

Son bir ayda Azərbaycan daha bir tarixi Zəfərə imza atdı. Aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşü zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəldilər. Onlardan biri də Qazax rayonunun işğal altındakı 4 qeyri-anklav kəndinin geri qaytarılması oldu. Qazax rayonunun 30 il işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri mayın 24-də Azərbaycana geri qaytarıldı. Əldə olunan bu razılıq həm də iki ölkə arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin - ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib. Bu hadisənin tarixi əhəmiyyəti olduqca böyükdür. SSRİ-nin süqutundan sonra ilk dəfə rəsmi Bakı və İrəvan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Qazaxın dörd kəndinin bir güllə atılmadan, qan tökülmədən geri qaytarılması Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsidir. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən il suverenliyimizin tam bərpa edilməsi, daha sonra Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və dörd kəndin qaytarılması tarixi ədalətin bərpasıdır.

Musa BAĞIRLI,
“Respublika”.