Tarla seminarı
İqtisadiyyat

Tarla seminarı

Azərbaycanda  əsas əkinçilik  sahələrindən  olan  pambıqçılıq, sahənin inkişafı, yeni texnologiyaların tətbiqi elm adamlarının, sahə mütəxəssislərinin həmişə diqqət mərkəzindədir.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Mil Təcrübə stansiyasında "Yerli və introduksiya olunmuş pambıq sortlarının quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığı" mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) layihə koordinatoru Nəzakət İsmayılzadə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, pambıqçı fermerlər, ölkəmizdə pambıq istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Nazirliyin  mətbuat  xidməti  bildirir ki, tarla seminarında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq çərçivəsində Pakistandan ölkəmizə gətirilən toxum sortlarının və yerli sortların əkildiyi sahələrə baxış keçirilib. Müvafiq sortların xəstəlik və zərərvericilərə, quraqlığa, şoranlığa davamlılıq məsələləri qiymətləndirilib, mümkün bioloji məhsul hesablanıb. Qeyd olunub ki, Pakistandan gətirilən "Super Cotton" sortu bütün bioloji, məhsuldarlıq və texniki göstəricilərinə görə digər sortlardan üstünlüyü ilə fərqlənir. Bu sort üzrə təcrübə əkinlərində orta məhsuldarlığın hektardan 85-90 sentner olması gözlənilir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq çərçivəsində 2017-2021-ci illəri əhatə edən "Xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq xətlərinin yaradılması" layihəsi üzrə işlər başa çatıb.

N.ƏHMƏDOĞLU,

"Respublika".