Qərbi Azərbaycana qayıdış haqqımızdır
Siyasət

Qərbi Azərbaycana qayıdış haqqımızdır

Artıq dünya bilir və anlayır ki, regionda Azərbaycanın diktəsi keçərlidir və onun imperativləri yerinə yetirilir. Cənab İlham Əliyev Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumunda çıxış edərək bildirib ki, “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə keçmiş sovetlər birliyinin rəhbəri Stalinin göstərişi ilə həyata keçirilib. Əgər Krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi. Ermənilər bu işə əvvəlcə mənəvi təxribatdan başlayıblar. Tarixi faktlara nəzər salsaq görərik ki, buranın yerli sakinləri azərbaycanlılar olub. Ermənilər isə ərazilərimizə məhz sonradan gətiriliblər. Tarixi mənbələrə nəzər salsaq görərik ki, 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 mindən çox fars və 84600 nəfər erməni köçürülüb. Daha sonra isə 1896-cı ildən 1908-ci ilə qədər Qarabağa 400 min erməni əhali köçürülüb.

Əzəli torpaqlarımızdan zaman-zaman deportasiya edilən, qovulan, müxtəlif zorakı üsullarla çıxarılan Azərbaycan türklərinin bir təşkilatda birləşməsi və mübarizə aparması gözlənilən idi. Təəssüf ki, əvvəlki hakimiyyətlər dövründə buna ciddi yanaşılmayıb, hətta bunun qarşısı alınıb. Ümummilli liderin irəli sürdüyü ideyanı inkişaf etdirən cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dəstəyini ifadə edərək bu təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. Qeyd etdiyimiz kimi, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın qayıdışını daim gündəmdə saxlayır. Məhz buna görə də Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək və soydaşlarımızın rahat həyat şəraitini təmin etmək üçün “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə öz ad gününü əlamətdar bir hadisə ilə yaddaqalan edir. Məhz ölkə başçımızın 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Dövlətimizin başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı.

İcmanın qəbul etdiyi ən mühüm sənədlərdən biri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasıdır. Qayıdış Konsepsiyasında bir neçə müddəa var ki, o torpaqlara qayıtmaq üçün Ermənistan hökuməti azərbaycanlılara məxsus viran edib, dağıtdıqları evlərin təmirini aparmalı, bərpa etməlidir. O cümlədən Qərbi azərbaycanlıların o yerlərdə təhlükəsizliyinin qarantı üçün Azərbaycan dövləti və onun seçdiyi dövlətlər tərəfindən təminat alınmalıdır. Yəqin ki, bununla bağlı yaxın vaxtlarda beynəlxalq məhkəmələrə müraciət olunacaq. Bundan sonra biz torpağımıza qayıdacağıq. Biz düşünürük ki, bizə təminat verən ölkənin kim olacağı mütləq Azərbaycan dövləti ilə razılaşdırılmalıdır. Pakistan, Türkiyə, İngiltərə kimi beynəlxalq qanunları hər zaman özündə ehtiva edən ölkələr təhlükəsizliyimizlə bağlı bizə zəmanət verə bilər.

Ermənistan ərazisi olan Azərbaycan torpaqlarında 300-dən yuxarı Azərbaycan kəndi olub. Həmin kəndlər hazırda demək olar ki, boşdur, heç kim yaşamır. O cümlədən də Ermənistanın böyük şəhərlərinin əsas hissəsini azərbaycanlılar təşkil ediblər. O yerlərdə boşluq var və biz azərbaycanlılar vaxtilə didərgin düşdüyümüz yerlərə qayıdıb, öz ata-baba torpaqlarımızda yaşayacağıq. Bu, bizim qanuni haqqımızdır.

44 günlük Vətən müharibəsində millətimizin və dövlətimizin göstərmiş olduğu şücaət, Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyət ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik və unutmamalıyıq ki, beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Qərbi Azərbaycana qayıtmağımız tarixi, humanitar və ədalətin bərpası baxımından doğru yoldur. Biz oraya əməkdaşlıq, sülh və barış məqsədi ilə qayıdacağıq. Azərbaycan tarixi haqqı olmasına baxmayaraq, torpaq iddiasında deyil və məqsədimiz həmin ərazilərdə öz ata-baba yurdumuzu bərpa edərək birgəyaşayışı təmin etməkdir.

Nurlan ABDALOV,

“Respublika”.