Nikol ordusuna nəzarət etməkdə acizdir
Siyasət

Nikol ordusuna nəzarət etməkdə acizdir

İyunun 12-də saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur, Ordubad və Şahbuz rayonlarının yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Baş verən təxribat isə olduqca diqqət çəkir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə söhbətində demişdi ki, ölkəsi bir ay ərzində Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. O qeyd etmişdi ki, sülh müqaviləsi layihəsinin mövcud mətni olduqca yetkindir. Baş nazir hətta yekun sazişi imzalamamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin sərhədlərin delimitasiyasını da tamamilə mümkün saymışdı. Maraqlıdır, baş nazir Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanması və kommunikasiyaların açılması mümkünlüyünü bildirməsindən bir neçə saat sonra Naxçıvanın 3 yaşayış məntəqəsinin Ermənistanın silahlı qüvvələrinin atəşinə məruz qalması nəyə işarədir? Bu təxribat cəhdinin arxasında kimlər dayanır?

Mümkün ssenariyə görə, belə fəaliyyətlərin həyata keçirilməsində və Azərbaycan ərazilərinin atəşə tutulmasında baş təşəbbüskar Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan ola bilər. Çünki Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılandan sonra Edvard Asryan mətbuata açıqlamasında həmin kəndlərin Ermənistana aid olduğunu aşkar şəkildə bildirərək ölkəmizə qarşı növbəti dəfə ərazi iddiaları irəli sürmüşdü. Belə görünür ki, Asryanın səsləndirdiyi bəyanatlar Ermənistan rəhbərliyinin maraqlarına uyğun olub. Digər bir ssenariyə görə, Paşinyana müxalif olan qüvvələr də vəziyyəti gərginləşdirə bilərlər. Çünki hazırda İrəvanda etiraz aksiyaları keçirilir. Ona görə də mümkündür ki, bu, Azərbaycanla yanaşı, Nikol Paşinyanın özünə qarşı da təxribatdır. Üstəlik, nəzərə almaq lazımdır ki, baş nazirin özü orduda “5-ci kolon”un varlığını etiraf edib. Reallıq ondan ibarətdir ki, Ermənistan ordusunda hələ də eks-prezident Robert Köçəryana, dolayısı ilə Baqrat Qalstyana yaxın olan qüvvələr, hərbçilər xidmət edirlər.

Sülhdən, kommunikasiyaların açılmasından danışan İrəvanın siyasi rəhbərliyi nədənsə öz qoşunlarına Azərbaycan tərəfinə atəş açılmaması barədə verdiyi göstərişlərin yerinə yetirilməsinə nail ola bilmir. Amma Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə Paşinyanın da arzuladığı sülhün əldə olunması ləngiyəcək. Amma təşəbbüsün kim tərəfindən olması Azərbaycan üçün fərq etmir. Ölkəmiz istənilən ssenariyə, istənilən təxribata adekvat şəkildə cavab vermək iqtidarındadır. Yəni Ermənistan indiyə qədər başına gələn fəlakətlərdən və faciələrdən nəticə çıxarmalıdır.

Jalə QASIMZADƏ,

“Respublika”.