Azərbaycanın uğurlu xarici siyasəti
Siyasət

Azərbaycanın uğurlu xarici siyasəti

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi regionda yeni reallıqlar yaratdı. Respublikamız hazırda əsas regional güc kimi qəbul olunur. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra strateji diplomatik addımlar atılmağa başlandı. Xüsusən də Rusiya sülhməramlılarının 2025-ci ildən əvvəl regiondan çıxması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın siyasi-iqtisadi potensialı artmış, regionda söz sahibinə çevrilmiş, beynəlxalq aləmdə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Azərbaycanın siyasi gedişlərinə Türkiyə ilə əlaqələri, eyni zamanda geosiyasi mövqeyini və iqtisadi əməkdaşlığını gücləndirmək kimi vacib məsələlər də daxildir. Bundan əlavə, Azərbaycan işğaldan azad olunan ərazilərdə yenidənqurma səylərini təşviq etmək və bu ərazilərin sabitləşməsini və inteqrasiyasını təmin etmək üçün beynəlxalq tərəfdaşlıqlara da açıqdır. Təbii ki, bu proaktiv yanaşma təkcə Azərbaycanın regional təsirini gücləndirmir, həm də beynəlxalq arenada daha əhəmiyyətli mövqe tutması ilə nəticələnir.

Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb-Şərq, Şimal-Cənub ölkələrini birləşdirən tranzit ölkədir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur. Dinamik inkişaf edən Azərbaycan bu gün trans-sərhəd layihələrin əsas icraçısıdır və dünyada sülhyaratma prosesində səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbət göstərilən ölkə kimi tanınır. Artıq qonşu dövlətlər regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı eyni mövqeni bölüşürlər. Qarşılıqlı ticarət, yeni nəqliyyat dəhlizlərinin yaradılması bütün tərəflərə, ilk növbədə, iqtisadi dividendlər vəd edir. Hətta işğalçı Ermənistan üzərinə düşən öhdəlikləri edərsə, proseslərin tərkib hissəsi ola bilər.

Ermənistanla danışıqlar təkcə müharibədən sonrakı problemlərin həllinə deyil, həm də dinc, yanaşı yaşamaq üçün davamlı çərçivənin yaradılmasına yönəlib. Danışıqlar vasitəsilə sərhədlərin delimitasiyası və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı problemlərin aradan qaldırılması öhdəliyi Azərbaycanın Cənubi Qafqaz regionunda təhlükəsiz gələcəyin qurulmasına sadiqliyini əks etdirir. Müharibədən sonra diplomatik səylərini gücləndirən Azərbaycan regional müttəfiqi olan Türkiyənin dəstəyini, əməkdaşlığın strateji əhəmiyyətini vurğulamaqla yanaşı, həm də Cənubi Qafqazda sülh və sabitliyin vacibliyi ilə bağlı beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verdi. Və bu, Azərbaycanın regional sərhədlərini aşan diplomatik gücünü vurğuladı. Məhz Şuşa bəyannaməsi dərinləşən əlaqələrin nümunəsi oldu. Azərbaycan, həmçinin Rusiya, Ukrayna, Pakistan, İsrail və mərkəzi Asiya ölkələri ilə strateji müttəfiqlik münasibətləri saxlayır. İkitərəfli və çoxtərəfli əlaqələr, beynəlxalq və regional qurumlarla münasibətlər bir istiqamət təşkil edir. Pakistanla iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq qurulması, İsraillə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi Azərbaycanın çoxşaxəli diplomatik yanaşmaya sadiqliyini nümayiş etdirir. Bu əlaqələr Azərbaycanın təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, regional sabitliyə və iqtisadi inkişafa da töhfə verir. Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən yaranan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyin təmin olunmasında və dünyaya inteqrasiyasında əsas faktora çevrilib.

Azərbaycanın dünya iqtisadiyyatındakı yerini müəyyənləşdirən başlıca amillərdən biri enerji siyasəti ilə bağlıdır. Respublikamızın enerji strategiyası bu gün dünyanın diqqət mərkəzindədir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktor kimi çıxış edir. Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliya iştirak edir. Bu layihə əsasında ölkənin böyük qaz ehtiyatları Avropa bazarlarına çıxarılır. Enerji mənbələrinin şaxələndirilməsi Avropa İttifaqının vahid təchizatçıdan asılılığını azaldır, sabit enerji təchizatını təmin edir. Bu il martın 8-də “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda ölkəmizdə keçirilən beynəlxalq elmi konfransda islamofobiyaya qarşı mübarizə aparmaq üçün siyasi və beynəlxalq addımların atılmasının vacibliyi vurğulanıb. Beləliklə, Azərbaycanın həyata keçirdiyi siyasətin əsasını müstəqilliyini, suverenliyini qorumaq, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasını aparmaq və bunların fonunda region xaqları ilə dinc-yanaşı yaşamaq təşkil edir.

Jalə NAMİQQIZI,

“Respublika”.