İanəçilərinin çaldığı havaya oynayan AŞPA
Siyasət

İanəçilərinin çaldığı havaya oynayan AŞPA

Son dövrlər müxtəlif xarici qurumların Azərbaycana qarşı qərəzinin daha da şiddətli hal aldığının şahidi oluruq. AŞPA-nın fəaliyyətində bunu açıq-aydın görmək mümkündür. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi qurumun bəzi dövlətlərin siyasi alətinə çevrildiyini bir daha təsdiqlədi. Bunun almaniyalı deputat Frank Şvabenin təklifi ilə reallaşmasını isə AŞPA-nın ədalətsizliyinin pik həddi kimi qiymətləndirmək olar. Bu gün ermənipərəst qüvvələrin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Şurası Parlament Assambleyası problemlərə selektiv yanaşma sərgiləyir. Əslində, AŞPA-nın bu addımı o qədər də təəccüblü deyil. Çünki qurum hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətləri hədəfə alır. Bu gün regiondakı vəziyyəti köklü şəkildə dəyişən və yeni geosiyasi düzən formalaşdıran Azərbaycana AŞPA başda olmaqla bir çox beynəlxalq təşkilatlar qısqanclıqla yanaşırlar.

Azərbaycanın AŞPA-ya üzv qəbul olunması ölkəmizin tarixi qələbəsi kimi dəyərləndirilmişdi. Azərbaycan tərəfi düşünürdü ki, qurum beynəlxalq hüququn təmin edilməsi, ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tərəfdar çıxacaq. Amma qurum ümidlərimizi doğrultmadı. Belə ki, 30 illik işğal dövründə AŞPA-nın ərazi bütövlüyümüzdən daha çox, onun parçalanması istiqamətində fəaliyyətinin şahidi olduq. Azərbaycan öz gücü, qüdrəti, iqtisadi potensialı, xalqın müdrikliyi sayəsində torpaqlarını düşmən tapdağından azad etdi. Bu baxımdan, AŞPA-nın indiki proseslərdə tutduğu mövqe təsadüfi deyil. Çünki Azərbaycan dəfələrlə Avropa Şurası Parlament Assambleyasının türkofob, islamofob yanaşması ilə erməni lobbisinin sifarişlərini yerinə yetirdiyini, erməni diktəsi ilə qərarlar verdiyini ifşa edib. Şübhəsiz, bu da qurumun düşmənçilik təfəkkürünün təzahürüdür.

Maraqlıdır, "insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan" AŞPA nə üçün bu illər ərzində işğalçı Ermənistanın səs hüququnu məhdudlaşdırmayıb? Əksinə, hər fürsətdə torpaqlarımıza göz dikən, xalqımıza qarşı Xocalı soyqırımı kimi qətliamlar törədən ermənilərə havadar çıxıb. Zamanında Azərbaycanın haqq səsinə işə yaramaz bəyanatlarla cavab verən AŞPA bu gün erməni lobbisinin çaldığı havaya oynayır. Doğrusu, qurum özü qəbullanmasa belə, artıq AŞPA-nın Avropada nüfuzu yerlə-yeksan olub. AŞPA elə düşünür ki, Azərbaycan onlardan asılıdır, amma ölkəmizin bu cür "satılmış" quruma ehtiyacı yoxdur.

AŞPA-nın "satılmış" qurum olduğunu söyləyərkən buna bir daha aydınlıq gətirmək istərdim. Çünki qarşıdan Avropa Parlamentinə seçkilər gəlir. Şübhəsiz, burda da erməni diasporunun maliyyə dəstəyi məsələsi ön plana çıxır. Bununla yanaşı, Ermənistan tərəfinin elektoratı da seçkilərdə mühüm rol oynayacaq. Bu baxımdan, belə bəyanatların və qərarların daha çox qəbulu da ehtimal olunur. Bu məsələdə ən acınacaqlı hal isə bu gün ermənipərəst mövqeyi ilə seçilən Fransaya Almaniyanın da qoşulmasıdır. AŞPA-nın iclasındakı təklifin almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülməsi də onu göstərir ki, Almaniya da öz qonşusu Fransanın tərəfinə keçmək istəyir. Digər bir diqqətçəkən məqam isə AŞPA-dakı müzakirələr zamanı britaniyalı deputat İan Liddel-Grangerin Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxması idi. Granger haqlı olaraq söylədi ki, bu, yanlış qərardır və heç bir müsbət nəticə verməyəcək.

Son olaraq vurğulamaq lazımdır ki, Şvabe kimilər xain niyyət göstərsələr də, hər zaman ölkəmizin haqq işinə dəstək nümayiş etdirənlər olacaq...

Nəzrin ELDARQIZI,

"Respublika".