Ermənistanın növbəti təxribatı da nəticə vermədi
Digər xəbərlər

Ermənistanın növbəti təxribatı da nəticə vermədi

Bu günlərdə Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizli iclas keçirib.

Məqsəd dezinformasiya yaymaq və Laçın yolu ətrafında vəziyyəti təhrif etmək olub. İclas tamamilə gizli formada keçirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin məlumatında bildirilib ki, Ermənistanın BMT-nin digər üzvlərinə xəbər vermədən keçirdiyi bu iclas gülünc hadisədir.  Azərbaycan tərəfi və BMT-dəki daimi nümayəndəliyimiz təxribat xarakterli belə hərəkətlər üçün BMT platformasından sui-istifadəni pisləyir.

Mövzu ilə bağlı politoloq Amid Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının keçən həftə baş tutan  iclasında Azərbaycanın arqumentləri və faktları qarşısında açıq şəkildə məğlub olan Ermənistan yeni bir təxribata əl atıb: "Belə ki, avqustun 23-də Ermənistanın daimi missiyası BMT-yə üzv olan bir sıra söz sahibi olmayan dövlətlərlə gizli şəkildə, bağlı qapılar arxasında görüş keçirib. Görüşün məqsədi yenə də dəyişməz olaraq qalıb: Azərbaycana qarşı təzyiq, Laçın yolunun açılması və bölgədəki "humanitar fəlakət". Artıq keçirilmiş görüşlə bağlı olaraq BMT rəsmi məlumat yayaraq bildirib ki, bu görüş BMT rəsmi gündəliyinə daxil deyil və səsləndirilən fikirlər də BMT adından ola bilməz. Ermənilər hətta görüşün pozulmasından qorxaraq həmin yerdə mühafizə kardonu da qurublar. Görüşlə bağlı olaraq Azərbaycanın BMT-dəki rəsmi nümayəndəsi tərəfindən etiraz fikirləri sələndirilib. Bu məsələdə Ermənistana açıq şəkildə dəstək verən Fransa olub. Fransa TŞ-nin daimi üzvlərindən biri kimi, Azərbaycana qarşı hansısa qətnamənin qəbul olunmasında heç bir irəliləyiş əldə edə bilmədiyi üçün indi də BMT nizamnaməsinə və illərcə formalaşan protokol qaydalarına zidd olaraq Ermənistanı bu aciz və ucuz yola təhrik edib. Lakin Fransa da yaxşı anlayır ki, bu məsələ artıq bir dəfə TŞ-nin gündəliyinə salınıb və rədd cavabı alınıb. İkinci dəfə eyni məsələni TŞ-nin gündəliyinə salmaq özü belə, bu məsələnin uğursuzluğundan xəbər verir.

Ermənistan və Fransa bağlı və açıq qapılar arxasında onlarla belə iclas keçirsələr, hətta gündəliyə bu məsələni salsalar da TŞ-də Azərbaycanla iqtisadi və siyasi münasibətlərdə olan tərəfdaşları bu qisim məsələlərin qəbulunda veto hüququnu istifadə edəcəklər. Bundan əvvəl də Fransa İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycana qarşı qətnamə sevdasında olub. O zaman da bu məsələ öz müsbət həllini tapmayıb. Bundan sonra da bu məsələ erməni istəklərinə uyğun cavablandırılmayacaq. Çünki Azərbaycan tərəfindən bölgə ilə bağlı olan fakt və reallıqlar mütəmadi olaraq işıqlandırılır və dünya ictimaiyyətinə çatdırılır.

Ermənistan və Fransa cütlüyünün diplomatiya oyunları isə sadəcə vaxt itkisidir. Bölgədə sülhün və təhlükəsizliyin bərqərar olacağı bir vaxta Azərbayacana qarşı hansısa bir qətnamənin qəbul olunması heç də real görünmür".

Töhfə SƏMƏDOVA,

"Respublika".