Hikmət Hacıyev: Regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir
Siyasət

Hikmət Hacıyev: Regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Arabnews" qəzetinə müsahibəsində bildirib.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin guya humanitar fəlakətlə üzləşməsi barədə iddiaların əsassız olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: "Bunlar Azərbaycana qarşı əsassız iddialardır. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri üçün hər hansı məhdudiyyət və blokada yoxdur. Azərbaycan bir neçə yolun olmasını təklif edib. Mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Bu, daha səmərəlidir və Qarabağ regionu ilə əlaqə saxlamaq üçün daha böyük logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub. Hazırda Laçın-Xankəndi yolu işlək vəziyyətdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti yükləri bu yolla aparır".

Ağdam-Xankəndi yolunun açılmasının inteqrasiyanı təmin edəcəyini və bununla da Azərbaycanın Xankəndi və Qarabağ erməniləri ilə birbaşa əlaqəsinin olacağını, ermənilərin də Azərbaycanın digər bölgələrinə getmək üçün ölkəmizin əsas yol sistemindən istifadə etmək şansı qazanacaqlarını diqqətə çatdıran Hikmət Hacıyev bildirib: "Təəssüf ki, Azərbaycanın həmin ərazilərindəki erməni marionet rejiminin başında duran şəxslər dünyada yalan təbliğat və dezinformasiya aparmaqla humanitar vəziyyətdən öz mənafeləri - Azərbaycanın suverenliyini qəbul etməyən separatçı qurumun varlığını uzatmaq üçün istifadə edirlər. Bu, həmişə onların mövcudiyyət səbəbi olub. Biz onları dialoqa dəvət etdik. Amma onlar dialoqa yox deyirlər. Bu, dağıdıcı münasibətdir. Onlar, həmçinin Azərbaycandan gələn ərzaq məhsullarını qəbul etmirlər. Bu, irqçilikdir. Qida məhsulunu mənşəyinə görə qəbul etməyəcəklərini bildiriblər".

Prezidentin köməkçisi üçtərəfli Bəyanatın imzalanmasından sonrakı müddətdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat, canlı qüvvə və minaların daşınması üçün Laçın yolundan istifadə etdiyini xatırladaraq, Azərbaycan hökumətinin bunun qarşısını almaq üçün "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsini yaratmağa məcbur olduğunu vurğulayıb: "Azərbaycan suveren ərazilərində daha bir boz zonanın olmasına imkan verə bilməz. Mənim sualım belədir: niyə qanunsuz Ermənistan rejimi bu ikinci yolun açılmasına müqavimət göstərir? Onlar hələ də beynəlxalq ictimaiyyətin baxışını manipulyasiya edirlər. Yol sivilizasiyadır. Yol mədəniyyətdir. Yola yox deməyin irqçilik elementi var. Bu, dağıdıcı siyasətdir. İşğal vaxtı keçmişdə qalıb".

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun qərəzli rəyi ilə bağlı suala cavabda Hikmət Hacıyev bildirib ki, Okampo öz rəyində Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı və törətdiyi hərbi cinayətlər, ölkəmizin 8 şəhərinin tamamilə dağıdılması, Xocalı soyqırımına toxunmur.

Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı çox ciddi məsələ qaldırdı. Ermənistanda "azərbaycanlı" və ya "türk" sözləri təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni, dini və hətta bəşəri irsinin bütün nümunələrini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsi təəssüf doğurur.

Sülh müqaviləsi üzrə proses barədə məlumat verən Prezidentin köməkçisi bildirib: "Azərbaycan həqiqətən sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və şiddət səhifəsini çevirmək istəyir. Biz sülh içində yaşamaq istəyirik. Amma top Ermənistan meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar. Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi Vaşinqtonun təqdim etdiyi və çox yüksək qiymətləndirdiyimiz platformada sülh müqaviləsi üzrə danışıqlar yolundan çıxardı. Biz çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi təmizlənmişdi, müəyyən mənada razılaşmışdıq. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Ermənistan silahlı qüvvələrini hələ də bizim ərazimizdə saxlayır. Ermənistan hələ də ərazimizdəki qanunsuz rejimi maliyyələşdirir".

Cənubi Qafqaz regionunda böyük güclər arasında geosiyasi rəqabətin elementlərinin göründüyünü vurğulayan Hikmət Hacıyev bu barədə qeyd edib: "Böyük güclərə mesajımız budur: daxili siyasi gündəminizi bizim regiona ixrac etməyin. Biz, həmçinin görürük ki, Ermənistan regionumuzda başqa bir Suriyaya çevrilir, çünki o, böyük dövlətlərin geosiyasi maraqlarına görə onların arasında bölüşdürülür. Oradakı Avropa İttifaqının missiyası fəaliyyət göstərir. Bizə dedilər ki, bu, qısamüddətli mülki missiyadır, ancaq uzunmüddətli oldu. Onun hərbi personalı var. Diplomatik avantürizm və təbliğat əvəzinə, regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir".

Bu baxımdan müxtəlif platformaların olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənən Brüssel prosesi çox yüksək qiymətləndirilir. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların mühüm elementləri həmin platformada formalaşıb. Hikmət Hacıyev ABŞ hökumətini, xüsusən də dövlət katibi Entoni Blinkenin sülh müqaviləsi müzakirələrində şəxsi iştirakını yüksək qiymətləndirib, Rusiyanın da regionun bir hissəsi və həm Ermənistan, həm də Azərbaycan ilə tarixi əlaqələri olan ölkə kimi prosesə töhfə verdiyini bildirib.

Barışığın münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi qeyd edib: "Azərbaycanda yüz minlərlə ailə yaxınlarını itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin, insanlar öz evlərinə qayıdıb onların tam xarabalığa çevrildiyini görürlər. Bu, asan deyil və onlar cavab axtarırlar. Cavab yoxdur, çünki Ermənistan tərəfdən heç kimin "Bizi bağışlayın, bütün səhvlərimizə görə üzr istəyirik" deməyə cəsarəti çatmayıb. Ermənistanda Azərbaycana qarşı bədnam əməllər törədən şəxslərə qarşı bir dənə də olsun cinayət işi açılmayıb. İnsanlara ədalətin gətirilməsi də müsbət siqnal verə bilər. Hesab edirəm ki, barışıq mümkündür, amma bu, əlbəttə ki, vaxt aparacaq. Ermənistan tərəfdən çox şey asılıdır. Mən Ermənistandakı bütün məktəb kitablarını və dərsliklərini də diqqətlə öyrənmişəm. Hər şey qonşularına qarşı nifrət, nifrət və nifrətdir və bu, ermənilərin müstəsna üstünlüyüdür. Bu irqçi düşüncə tərzi hələ də erməni ədəbiyyatında, mediasında və digər sahələrdə dominantdır... Ermənistanın baş naziri erməni xalqı və Ermənistan hökuməti adından "Məni bağışlayın?" deməyə hazırdırmı? Düşünürəm ki, bu, çox şeyi dəyişə bilər. Ermənistan 4000 azərbaycanlının kütləvi məzarlığı ilə bağlı məlumat verməkdən niyə imtina edir? Qaçqın çadırlarında böyüyən bir milyon azərbaycanlının həyatından qoparılan 30 ilin əvəzini kim ödəyəcək?".