Heydər Əliyevin 100-cü ildönümü münasibətilə tibbi aksiya keçirilib   
Səhiyyə

Heydər Əliyevin 100-cü ildönümü münasibətilə tibbi aksiya keçirilib   

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tibbi aksiya təşkil edilib.

12 iyun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilir ki, aksiyanın keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 8 saylı Uşaq Poliklinikası və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkim heyəti cəlb edilib. Aksiya çərçivəsində Bakı şəhərində 4 uşaq sığınacağının, 1 uşaq reabilitasiya mərkəzinin, Gəncə şəhərində gender əsaslı zorakılıq qurbanlarına və əlil qadınlara dəstək göstərən 2 təşkilatın sakinləri kardioloq, ginekoloq, nevroloq, terapevt, oftalmoloq, pediatr və radioloq tərəfindən mayinə ediliblər. Aksiyada ümumilikdə 270 nəfər iştirak edib.

Bakıda uşaq və qadınların sağlamlığının ümumi vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib. Laborator analizlərin nəticələrinə əsasən bəzi şəxslərdə vitamin D defisiti müşahidə olunub. Bəzi müayinə nəticələrinə əsasən isə stasionar müayinə və müalicəyə ehtiyac yaranıb.

Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə əməliyyat və müalicələrə yönəldiliblər.

“Respublika”.