Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşündə mühüm qlobal məsələlər müzakirə ediləcək
Siyasət

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşündə mühüm qlobal məsələlər müzakirə ediləcək

Bir ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi səngimək bilmir. Hər iki tərəf çoxlu sayda itkilər verib və demək olar ki, artıq döyüşdən yorulublar.

Şərqi Avropada yaranmış böyük müharibəni həll etmək üçün birbaşa vasitəçilik etmək istəyən Türkiyə müharibənin başladığı gündən hər iki tərəflə sülh danışıqları aparır. Sülh danışıqlarını davam etdirmək üçün Prezident Rəcəb Tayyib Ərdoğan yenidən rusiyalı həmkarı Vladimir Putinlə avqust ayının sonunda görüşə hazırlaşır. Görüşdə əsasən Ukrayna ilə sülh danışıqlarının təklif ediləcəyi bildirilir. Putinin səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı müharibə, "taxıl sazişi", eləcə də Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlər, Türkiyə ilə Suriya arasında əlaqələrin normallaşdırılması kimi məsələlərin müzakirə ediləcəyi açıqlanıb.

Bu barədə fikirlərini bölüşən siyasi ekspert Murat Yeşiltaş deyib ki, indiyə qədər Prezident Rəcəb Tayyib Ərdoğan müharibəni dayandırmaq və sülhü təmin etmək üçün əlindən gələni edib: "Ərdoğan müharibə başladığı andan Rusiyanın şərqi Ukraynanı işğal etməsini qınayır. Rusiya-Ukrayna müharibəsinin yaxın müddətdə bitəcəyi görünmür. Müharibədən bir neçə il öncə tərəflər hərbi və siyasi cəhətdən hazırlaşmışlar. Arada böyük uçurumlar var. Təbii ki, Türkiyə müharibənin dayandırılması, qan, ölüm, göz yaşı olmaması üçün əlindən gələni edir. Müharibənin həm də iqtisadi tərəfi var. Bu kontekstdə Türkiyənin, xüsusən də bu istiqamətdə Prezident Rəcəb Tayyib Ərdoğanın addımlarını, "taxıl sazişi" ilə bağlı səylərini qiymətləndirməmək düzgün olmazdı. Təkcə Türkiyə və Rusiyanın və yaxud Rusiya və Ukraynanın istəyi ilə də müharibə bitə bilməz. Bir ildən çox davam edən bu gərginlik 3-cü Dünya müharibəsinə hazırlaşan dövlətlərin marağındadır. Onlar tərəflər arasında olan bu vəziyyətin bitməsini istəmirlər".

Qərb dövlətlərinin Rusiyanı çökdürmək üçün müharibəni qızışdırmağa çalışdıqlarını qeyd edən Murat Yeşiltaş vurğulayıb ki, nəinki sülh müqaviləsinin imzalanması mümkün deyil, hətta bu savaş başqa ölkələrə də sıçraya bilər: "Qərb uzun müddətdir Rusiyaya qarşı sanksiya və qadağalar tətbiq edir. Amma istədikləri kimi kifayət qədər nəticə yoxdur. Burada ən kritik məsələ "taxıl dəhlizi" məsələsidir. Milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzə qalıb. Rusiya prezidenti Vladimir Putin bunu bildiyi üçün Qərbin həssaslığından istifadə etməyə çalışır ki, "taxıl sazişi"ni həmin atəşkəs razılaşmasına çevirsin. Putinlə Ərdoğan görüşündə hesab edirəm ki, Qarabağ məsələsi ilə bağlı önəmli addımlar da atılacaq".

Murat Yeşiltaş bildirib ki, Türkiyə həmçinin Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında olan problemdə də sona qədər birbaşa və obyektiv vasitəçilik edəcəkdir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.