Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şuşada tədbir keçirib
Sosial həyat

Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şuşada tədbir keçirib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Hərbi Prokurorluq Şuşada tədbir keçirib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin, yüksək rütbəli hərbçilərin və ərazi hərbi prokurorlarının iştirakı ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində hərbi qulluqçularla keçirilən tədbirdən əvvəl tarixi şəxsiyyət Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bundan sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə çatdırılıb. Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, polkovnik Ruslan Ağasıyev və digər çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxış edənlər, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb.

“Respublika”.