AHİK-dən daha 5900 ailəyə bayram sovqatı
Sosial həyat

AHİK-dən daha 5900 ailəyə bayram sovqatı

Martın 15- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qarşıdan gələn Novruz bayramı münasibətilə respublikanın rayonlarında yaşayan 4650 aztəminatlı ailə, o cümlədən şəhid qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə bayram sovqatı verilib. Bununla da, AHİK tərəfindən sovqat göndərilən ailələrin ümumi sayı 36 minə çatıb.

AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə aztəminatlı ailələrə ərzaq yardımları göstərirlər.

Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900, mayında 4 000, 2022-ci ilin martında 4 065, noyabrında 4 500, dekabrında isə 4500 şəhid ailələri qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib. Eləcə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir: "Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağırışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar".

Səttar Möhbalıyev həmçinin AHİK-in ölkəmizdə məşğulluğun təmin edilməsi, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

"Respublika".