Qısa, şərəfli ömür
Sosial həyat

Qısa, şərəfli ömür

Yurdumuzun torpaqlarına güllə yağışı səpələndiyi çətin anlarda, ermənilər günahsız insanları qətlə yetirəndə, arzularımızı düşmən qılıncı biçəndə Vətən qeyrəti, el təəssübü çəkən Azərbaycan oğulları könüllü olaraq cəbhəyə yola düşdü, yurd savaşına qoşuldu. Özü də ürəklə, cəsarətlə!

Famil Ağaşov müstəqil həyata qədəm qoyan gündən mənəvi zənginlik, vətənpərvərlik, insana sevgi ona yol yoldaşı olur. Nəcib istəyini, saf niyyətini xalqın, dövlətin mənafeyinə yönəltməklə gələcəyini quran yeniyetməyə hər şey xoş olsa da, Qarabağın düşmən tapdağında qalması onu narahat edirdi. Famil 28 iyun 2017-ci ildə ordu sıralarında xidmətdə olur. Övladlıq borcunu şərəflə yerinə yetirir, əsgər yoldaşları arasında son dərəcə mərd, cəsur, vətənpərvər bir gənc kimi tanınır. Ən əsası qəlbi Vətənlə döyünür, işğal altında olan Qarabağın taleyini düşünür, nəyin bahasına olursa-olsun onu tezliklə mənfur düşmənin tapdağından azad görmək istəyir. Məhz elə buna görə də 2019-cu ildə əsgəri xidməti başa çatsa da, Vətən, torpaq sevgisi Famili 10 noyabr 2019-cu ildə müddətdən artıq xidmət etmək üçün yenidən orduya bağlayır.

Vətənin etibarlı, sədaqətli oğlu Famil İkinci Qarabağ müharibəsi başlananda Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olması uğrunda ölüm-dirim savaşına qatılır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd döyüşlərində qəhrəmanlıqla döyüşür, saysız erməni dığalarını məhv edib zəfərimizdə silinməz izlər qoyur. Düşmənə ağır, sarsıdıcı zərbələr vurmaqla dəfələrlə mühasirəyə düşən əsgər yoldaşlarını xilas edir. Beləcə, Famil qanlı döyüşlərdə həmişə öndə gedir, ağır müharibə meydanlarında düşmənə əyilmir, 8 noyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Üçtəpə ərazisində ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Familin anası Mədinə xanım bildirir ki, ilk övladım Mehti 26 aprel 1996-cı ildə dünyaya gəlmişdi. 15 yanvar 2010-cu ildə Mehti dünyasını dəyişdi. Famil 19 sentyabr 1998-ci ildə anadan olmuşdu. 2017-ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdi. Mədinə xanım bildirir ki, Famili 2019-cu ildə müddətdən artıq xidmət etmək üçün yenidən orduya gedəndə yolundan çəkindirmək istəsək də, bu mümkün olmayıb: "Dedim ki, oğlum, iki qardaşsınız, gedərsən, sənə bir şey olar, qardaşın tək qalar, o, sözümə qulaq asmadı. Dedi, sözüm sözdü hərbiyə qayıdacam. Əslində bu istək onda Polad Həşimovun şəhid olmasından sonra daha da güclənmişdi. Elə də oldu kurs keçdikdən sonra xidmətə başladı". Şəhid anası bildirir ki, oğlu döyüş başlayanda onlarla əlaqə saxlayıb: "2020-ci il sentyabrın 27-də müharibə başlayandan sonra da döyüşlərdə olduğu vaxtlarda da biz təbii ki, narahat olurduq. Amma imkanı olanda Famil özü bizə zəng vururdu, deyirdi hər şey yaxşı olacaq. Erməni dığalarını əzirik, tezliklə torpaqlarımızı azad edəcəyik, lap az qalıb qələbəmizə. Amma çox təəssüf ki, Famil şəhid oldu. Oğlum şəhid olanda onun kiçik qardaşı Mirhadı da Gəncədə hərbi xidmətdə idi. Şəhid anası oğlunun nəşinin 12 noyabrda döyüş meydanından çıxarıldığını və böyük izdihamla Cəlilabad rayonunda dəfn edildiyini bildirir. Mədinə xanım qeyd edir ki, Famil şəhid olandan sonra atası Vüqar həmişə deyirdi ki, mən Familin ildönümünə qədər yaşaya bilmərəm. 2021-ci ilin 19 sentyabrında Familin ad gününü qeyd etdik, 24 sentyabrda atası dünyasını dəyişdi, necə deyirdi, elə də oldu. 2021-ci ilin 12 noyabrında Familin ildönümünü atasız keçirdik. Şəhid ailəsi təhsil aldığı 3 saylı tam orta məktəbə Familin adının verilməsini arzu edir.

Döyüş əməliyyatlarında yüksək peşəkarlıq, igidlik, mərdlik göstərdiyinə görə Ağaşov Famil Vüqar oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Famil Ağaşov Vətən torpağının azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldiyi üçün yaşadığı ömür olduqca müqəddəs və şərəflidir. İllər ötəcək, qərinələr dəyişəcək, nəsillər üçün də belə olacaq.

Ərəstun ABDULOV,

"Respublika".