Hər bir məzun Azərbaycanın gələcəyidir
Sosial həyat

Hər bir məzun Azərbaycanın gələcəyidir

Dünən onların günü idi. 11 il əvvəl kövrək addımlarla, necə həyəcan dolu baxışlarla gəlmişdilərsə, bu gün də eyni hisslə "əlvida məktəb" dedilər. Ötən illər ərzində nə qədər böyüyüb, boy atsalar da, yeniyetməlikdən gəncliyə doğru istiqamət götürsələr də, yenə də uşaq idilər. Donmuş, kövrəlmiş baxışlar, kirpiklərdən asılan damla-damla göz yaşları məktəbli şıltaqlığını, dəcəlliyini və çılğınlığını arxada qoymuşdu. Əlbəttə ki, ötüb keçən anları geri qaytarmaq imkansızdır. Yaxşı ki, xatirələr var. Uşaqlığın ən maraqlı, önəmli anlarını əhatə edən, məktəb illərindən qalan xatirələr.

Düz on bir il parta arxasında oturub müəllimlərini həvəslə dinləyən, elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar. "Son zəng" məzunların müstəqil həyata ilk vəsiqəsi və öhdələrinə düşən vəzifələrin icrasına başladıqları gündür. Uşaqlığın ən çılğın, qayğısız günlərini keçirdikləri doğma məktəblə vidalaşıb, daha böyük uğurlara doğru getdilər. Həyatda hər şey ilkdən başlayır. Bu gün atdıqları ilk addımlar gələcək həyatın sağlam, işıqlı bünövrəsidir. Əlbəttə ki, bu il məzun olan hər bir gənc həm də çox xoşbəxtdir. Çünki talelərinə daha bir möhtəşəm, önəmli gün yazılır. Onlar azad, müstəqil, ərazi bütövlüyünü tam təmin etmiş, suveren Azərbaycanın ilk məzunlarıdır.

Keçmiş SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra "Son zəng" günü 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Artıq neçə ildir ki, Azərbaycanın bütün ümumtəhsil məktəblərində hər il iyunun 14-də son zəng qeyd edilir. 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX sinfini 43 664, XI sinfini 28 993, XII sinifləri isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. Ümumilikdə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 72 min 782 şagird bitirir.

Bakı şəhəri Yasamal rayonu Məmməd İsmayıl Cuvarlinski adına 52 nömrəli tam orta məktəbdə də "Son zəng" çalındı. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri məktəbin direktoru Qabil Nəsibov açaraq ürək sözlərini, təbrik nitqini məzunlara ünvanladı və onlara gələcək həyatlarında uğurlar arzuladı. Onu da qeyd edək ki, bu il 52 nömrəli məktəbdən üç sinif üzrə 60 şagird orta təhsilini başa vurdu. Onlar arasında yüksək nəticələr göstərən şagirdlər kifayət qədərdir. Həmin gün məktəbdə təhsil və tərbiyəsi ilə seçilən məzunlar təltifnamələrə layiq görüldülər. Bu xoşbəxtliyi yaşayan, övladı ilə qürur duyan valideynlərdən biri də bu sətirlərin müəllifidir. Qızım Aydan Məhərrəmli də bu il məzun oldu. Təhsil aldığı məktəbi yüksək nəticələrlə başa vuran şagirdlər sırasında tərifnaməyə layiq görüldü. O da çıxış edən məzunlardan idi. Çıxışı zamanı müstəqilliyimiz, suverenliyimiz uğrunda mübarizə aparan Ali Baş Komandana, igid Azərbaycan əsgərinə təşəkkür etdi, şəhidlərə rəhmət dilədi. Əlbəttə ki, bu günün məzunu Azərbaycanın gələcəyidir. Sağlam gələcək üçün isə məktəb və müəllimlə yanaşı, valideynin də üzərinə böyük məsuliyyət düşür.

Son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür. Məktəb tikintisi ilə bağlı qəbul olunmuş Dövlət proqramları bu sahədə sürətli inkişafı təmin edir. Eyni zamanda regionların sosial-iqtisadi inkişafı, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan Dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Bu gün işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisi sürətlə davam edir. Zəngilanın Ağalı kənd orta məktəbində çalınan zənglərə Laçın, Zabux, Füzuli və digər şəhər, kənd məktəbləri də qoşulub.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bir hissəsi olan təhsildə yeniliklər Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalı, bütün qüvvələrini ölkəmizin uğurlarına yeni uğurlar əlavə etməyə sərf etməlidirlər. Bu günün məzununu həyata hazırlayan güclü dövlətimiz, sağlamdüşüncəli ziyalılarımız olduğundan mətin, iradəli və intellektual səviyyəli gənclərimiz müstəqil həyata vəsiqə alırlar. İnsan həyatında unudulmaz, əlamətdar, sevincli günlər çox olur. Lakin o günlərin heç də hamısı yaddaqalan olmur. Hər zaman yaddaşımızda xoş xatirələrlə qalan "Son zəng" günü isə hafizəmizə ömürlük həkk olunur.

Ramidə YAQUBQIZI,

"Respublika".