Şamaxıda növbəti toxum sərgi-satış yarmarkası
Sosial həyat

Şamaxıda növbəti toxum sərgi-satış yarmarkası

Şamaxı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar innovasiya festivalları çərçivəsində keçirilib. Heydər Əliyev parkında keçirilən tədbirdə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarından olan fermerlər iştirak edib. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkalar yerli toxum bazarının formalaşması, sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulması  məqsədi daşıyır.

Nazirliyin   mətbuat    xidmətindən “Respublika”ya   bildirilib  ki, tədbirin açılış mərasimində çıxış edən Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış addımlar və bölgələrdə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb. 

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov diqqətə çatdırıb ki, bu gün Şamaxıda təşkil edilən yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Aqrar Xidmətlər Agentliyinin sədr vəzifəsini icra edən, sədr müavini Cəfər Məhərrəmov, Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva qeyd ediblər ki, yarmarkalarda fermerlər fərqli seçim imkanı qazanır, iqlim şəraitinə, torpağın xüsusiyyətlərinə tam uyğun toxum əldə etmək imkanı qazanırlar.

Tədbirdə fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, aqrotexniki qulluq  qaydaları barədə ətraflı məlumatlar verilib. Toxum sərgi-satış yarmarkası ilə yanaşı festivalda kənd təsərrüfatında ixtisaslaşmış çoxsaylı şirkətlər tərəfindən texnika, aqreqatlar, pilotsuz uçuş aparatları, suvarma texnologiyaları, gübrə, pestisid nümunələri, əkin materialları sərgilənib. Festival ərzində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət müəssisələrinin mütəxəssisləri tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq fermerlərə məlumat verilib.

Festivalda regionun prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Şamaxı Üzüm Tingçilik Mərkəzinin mütəxəssisləri fermerlərə təlim keçiblər.

Nəriman  Cavadov,

“Respublika”