Hazırlıq yüksək səviyyədə davam edir
Sosial həyat

Hazırlıq yüksək səviyyədə davam edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi dövlətin beynəlxalq nüfuzunun göstəricisidir. Bu gün qlobal sferada ölkəmizin üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə olduqca böyük inam var. 2024-cü ilin noyabr ayında keçiriləcək tədbir üçün hazırlıq işlərinin layiqincə aparılması üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə Təşkilat Komitəsinin yaradılması bu istiqamətdə atılan mühüm addımdır.

Bakıda keçiriləcək tədbir iqlim dəyişmələri ətrafında yeni yanaşmalar yaradacaq və dünya ölkələri arasında əməkdaşlıq daha da güclənəcəkdir. Problemin əhatə dairəsini nəzərə alsaq qlobal güclərin, ümumilikdə bütün dövlətlərin məhz bu məsələdə həmrəy olması vacibdir. COP29 kimi mühüm platformada vahid yanaşma ortaya qoymaq əsas hədəf olaraq təyin edilib. Bununla yanaşı, COP29 bir daha Azərbaycanın gündəliyində "yaşıl enerji"nin inkişafı və onun dünya bazarlarına ixracının prioritet olduğunu bütün dünyaya göstərəcək.

Hazırda dövlətimizin "yaşıl enerji" iqtisadiyyatına verdiyi dəyər əməli fəaliyyətlərdə bir daha özünü büruzə verir. Məsələn, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını qarşısına məqsəd qoyub. Eyni zamanda respublikamız bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən hesab olunur ki, bu da Azərbaycana olan etimadı daha da artırır. Dövlətimizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Azərbaycanda bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər" əsasında qoyulub. Həmin sənəddə öz əksini tapan 5 milli prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bütün bunlar bir daha rəsmi Bakının yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyduğunu göstərir. Bununla yanaşı, Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilələr ölkəmizin "yaşıl enerji"yə verdiyi töhfənin bariz nümunəsidir.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ torpaqları "yaşıl enerji zonası" elan edilib. Həmin ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Ölkəmizdə hazırda "yaşıl kənd təsərrüfatı", "yaşıl nəqliyyat" kimi layihələri də uğurla tətbiq edilir. Azərbaycan dünyada neft hasilatında nüfuz qazanmış dövlətlərdən olsa da, "yaşıl enerji" ilə bağlı kifayət qədər layihələr həyata keçirir. Ölkəmizdə günəş və külək elektrik stansiyalarının tikintisi bunu bir daha təsdiq edir.

Düşməndən təmizlənmiş torpaqlarımızda həmin layihələrin tətbiqi Böyük Qayıdış proqramının uğurla davam etdiyindən xəbər verir. İllər ərzində düşmənin xarabalığa çevirdiyi Qarabağda artıq "ağıllı şəhər"lər, "ağıllı kənd"lər, müasir su anbarları, digər böyük müəssisələr tikilir. Yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitin sağlam olduğu əraziyə çevrilməsi nəzərdə tutulub. Prezidentin "Yaşıl dünya naminə həmrəylik ili" haqqında Sərəncamında da dövlətimizin "yaşıl enerji" sahəsində çoxsaylı tədbirlər həyata keçirəcəyi öz əksini tapıb. Şübhəsiz, cari ildə baş tutacaq COP29-da bu istiqamətdə daha təqdirəlayiq qərarlar qəbul olunacaq, mühüm addımlar atılacaq. Ölkəmizin nüfuzuna və beynəlxalq aləmdə imza atdığımız uğurlara nəzər yetirsək, bu, doğrudan da real görünür. Dünya liderlərinin, həmçinin bərpaolunan enerji üzrə mütəxəssislərin məhz Azərbaycanda toplanması, yeni təşəbbüslərin və istiqamətlərin müəyyənləşməsinə öz müsbət təsirini göstərəcək.

Hazırda beynəlxalq tədbirə hazırlıq məqsədilə mühüm işlər görülür. Belə ki, aprelin 15-də COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. İclasda COP29-un loqosu beynəlxalq ictimaiyyətə təqdim edilib. COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezi təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib. Azərbaycanın tarixi-mədəni irsini özündə ehtiva edən buta motivi davamlılıq və innovasiyanı təmsil etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpünü simvolizə edir. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyundə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat. Tədbirin loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətinin təzahürüdür. Həmçinin tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib.

Bu cür mötəbər tədbirə ev sahibliyi etməklə Azərbaycan nəinki bu istiqamətdə, hətta bütün sahələrdəki inkişafını dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

Nurlan ABDALOV,

"Respublika".