Fransanın ikibaşlı oyunları
Siyasət

Fransanın ikibaşlı oyunları

Neokolonialist ölkə Cənubi Qafqazda yeni müharibələrin başlanmasına zəmin hazırlayır

Bu günlərdə Prezident İlham Əliyev "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində Bakının bəzi ölkələr, xüsusilə Fransa tərəfindən həyata keçirilən neokolonializm siyasətini ifşa etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda - Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir: "Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır".

Prezidentin qeyd etdiyi məqamlar reallığı əks etdirir. Ümumən avantürist mövqedən çıxış edən Fransa artıq bir dövlət kimi nüfuzunu itirməkdədir. Belə ki, bu ölkə Afrikadan faktiki olaraq qovulub, köhnə müstəmləkələrdən sıxışdırılır. Bütün bunlara baxmayaraq, öz əvvəlki ikibaşlı siyasətindən əl çəkmək istəmir. Neokolonializm siyasətini davam etdirən Paris yeni mövqelər, nüfuz dairələri qazanmağa çalışır. Belə bir məqamda Cənubi Qafqaz Fransa üçün daha cazibədar görünür. Çünki orada "kiçik bacısı" Ermənistan var və onun vasitəsilə Fransa Cənubi Qafqaza təsir göstərməyə, regionda söz sahibi olmağa çalışır. Bu məqsədlə də Ermənistanı silahlandırır, bu ölkəni Azərbaycan və Türkiyəyə qarşı qoyur. Eyni zamanda, Rusiya və Ukrayna arasında gedən müharibə fonunda Ermənistandan Rusiyaya qarşı ikinci cəbhə kimi istifadə etməyə cəhd göstərir, revanşistləri dəstəkləyir. Hərbi yardımlar göstərir ki, gələcəkdə növbəti qarşıdurmalar yaransın. Dildə "sülh" deyib gerçəkdə sülhü əngəlləmək üçün üç ildir əlindən gələni edən Ermənistanın qlobal güc mərkəzləri arasında riskli oyunu davam edir. Axır vaxtlar isə İrəvanın Rusiya orbitindən uzaqlaşdığı görünür.

Vaxtilə müstəmləkələrinin başına olmazın müsibətlərini gətirmiş Fransa indi də Cənubi Qafqazı qarışdırmaq istəyir. Bu, fransız dövlətinin dünyanın ayrı-ayrı bölgələrində yüz illər boyu sərgilədiyi xarici siyasətinə uyğun bir hərəkətdir. Tarixə nəzər salsaq, fransız vəhşiliyinin iç üzü aydın şəkildə ortaya çıxar. Vaxtilə dünyanın bir çox ölkələrini öz müstəmləkəsinə çevirən və həmin torpaqlarda olmazın vəhşiliklərini törədən Fransa kimi bir dövlətin dünyaya demokratiya dərsi verməsi sadəcə siyasi əxlaqsızlıqdır. Bütün bu cinayətləri törədən və ruhən haylara bağlı olan fransızlar artıq on illərdir ki, ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dəstəkləyirlər. Dünyada koloniyaların mövcudluğu indiyə qədər davam etmiş olsaydı, heç şübhəsiz fransızlar tarix boyu törətdikləri vəhşilikləri eyni qaydada bu gün də davam etdirərdilər. Lakin dünya dəyişib, indi onlar bunu keçmişdə olduğu kimi, açıq şəkildə deyil "daha sivil" yollarla etməyə çalışırlar. Dünyada xalqların işğalı, alçaldılması sahəsində "böyük təcrübə" qazanmış və bu sahədə həyasızlığın kulminasiya nöqtəsinə ucalmış fransızlar bu gün özlərinə sərf edən bütün ərazilərdə eyni xislətlə çaxnaşma yaratmağa çalışırlar.

Fransa Cənubi Qafqazda destruktiv rol oynayır. Əslində, Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Azərbaycan Prezidenti İlham Əliyev kapitulyant tərəfi bir daha xam xəyallar və revanşist arzularla yaşamamağa, Fransa başda olmaqla Qərbdəki "pis məsləhətçilərə" qulaq asmamağa və tarixi şansı düzgün dəyərləndirməyə, eyni zamanda tələsməyə çağırıb. Azərbaycan Prezidentinin Fransanın separatçıları təşviq etməsi və Cənubi Qafqazda yeni müharibələrin başlaması üçün zəmin hazırlaması ilə bağlı fikirlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərbin və Fransanın məqsədi, xüsusilə Cənubi Qafqazı daha bir qarşıdurma meydanına çevirməkdir. Onlar region ölkələrinin maraqlarına məhəl qoymurlar, bölgədə təhlükəsizliyin, sabitliyin təmin olunması üçün heç nə etmirlər. Diplomat vurğulayıb: "Hesab edirəm ki, Bakı və həmçinin bəzi ölkələr artıq dünyanın digər yerlərində özünün kökdən düşmüş siyasi nüfuzunu Cənubi Qafqazda bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulub".

Uzun müddətdir Fransa Cənubi Qafqazda işğalçı planlarını işə salmağa cəhd edir. Amma Azərbaycanın düzgün hesablanmış addımları və uğurlu xarici siyasəti nəticəsində bu planlar hər dəfə iflasa uğrayır. Son dövrlər isə Fransa danışıqları sabotaj etmək və Ermənistanı qızışdırmaq yolunu tutub. Bu, əslində sülh danışıqlarına kölgə salır və Cənubi Qafqaz regionunu inkişafdan saxlayır. Ona görə də siyasi şərhçilər bildirirlər ki, Cənubi Qafqazın problemləri, ilk növbədə region ölkələrinin özləri tərəfindən həll olunmalıdır.

Mustafa KAMAL,

"Respublika".