Ermənistanın güzgü effekti yaratmaq cəhdi
Siyasət

Ermənistanın güzgü effekti yaratmaq cəhdi

"…Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır". Bu fikri Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuata bəyanatında bildirib.

Dünyada sülhün, əmin-amanlığın tərəfdarı kimi tanınan Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmadan sülhsevər siyasət yürüdür və Cənubi Qafqazda yerləşmək istəyən güclərin qarşısını da məhz məqsədyönlü, düşünülmüş addımlarla alır. 44 günlük Vətən müharibəsinin ərazi bütövlüyümüzün bərpası ilə başa çatması da bu müdrik siyasətin bariz nümunəsidir.

30 il ərazilərini işğal altında saxlayan düşmən ölkə münaqişənin siyasi müstəvidə həllinə razılığa gəlmədiyi üçün Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həll etdi. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh təklifi irəli sürən də Azərbaycan oldu və beynəlxalq vasitəçilərin təşəbbüsü ilə regionda sülhün təmin olunması istiqamətində təşkil olunan bütün formatlarda görüşləri dəstəklədi. Lakin ayrı-ayrı ölkələrdə fərqli formatlarda keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunsa da sülh sazişinin imzalanması prosesi hər dəfə bir bəhanə ilə təxirə salındı. Bu, Ermənistanın məsələyə qeyri-konstruktiv yanaşması ilə bərabər, eyni zamanda üçüncü tərəflərin regionda sülhün bərqərar olmasında maraqlı olmadıqlarından qaynaqlanırdı. Müzakirə edilən məsələlər elə həmin görüşlərin keçirildiyi məkanların bağlı qapıları arxasında qalır, qarşı tərəf sözünün üstündə durmur, verdiyi vədləri yerinə yetirmir, manipulyasiyalarla sülh prosesini uzadırdı.

Müharibədən keçən 4 ilə yaxın müddətdə sülh sazişinin bağlanmaması bir daha təsdiq edir ki, üçüncü tərəflərin iki ölkənin daxili işlərinə qarışması münasibətləri normallaşdırmır, əksinə vəziyyəti daha da gərginləşdirir. İkitərəfli, birbaşa danışıqlar daha effektiv nəticələr verir. Çünki okeanın o tayından regiona əl uzadan kənar qüvvələrin Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsində "vasitəçi" kimi iştirak etmək niyyətləri əslində öz geosiyasi maraqlarını təmin etməyə, regionda vəziyyəti gərginləşdirməyə hesablanıb. Odur ki, anti-Azərbaycan siyasət həyata keçirən Qərb bloku və neoimperialist qüvvələr regionda davam edən proseslərdən nə qədər uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq bir o qədər tez bərqərar olar.

Bütün dünyada sözü imzası qədər keçərli olan lider kimi tanınan Prezident İlham Əliyev regionda sülhün təmin olunmasında qətiyyət, prinsipiallıq nümayiş etdirir. Hər zaman olduğu kimi, hədəflərinə doğru böyük səbir və təmkinlə irəliləyən və bu gün regionun lider dövlətinə çevrilən Azərbaycan artıq sülhün astanasında dayanıb. Son zamanlar hər iki ölkə tərəfindən sülhə yaxınlaşma müşahidə olunur. Ermənistanın işğalı altında qalmış Qazax rayonunun 4 kəndinin bir güllə atılmadan geri qaytarılması, iki ölkə arasında delimitasiya və demarkasiya işlərinə başlanması və artıq 12,7 kilometr dövlət sərhədinin müəyyənləşdirilməsi prosesin irəliləməsini və bundan sonrakı məsələlərin həllinin ikitərəfli danışıqlarla, vasitəçilərsiz mümkün olduğunu göstərir. İki ölkə rəsmiləri arasında üçüncü tərəfsiz baş tutan görüşlərdə əldə olunan nəticələr çoxdan gözlənilən sülh sazişinin bağlanmasına ümid yaradır. Lakin qonşu ölkənin konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş bəzi müddəaların öz əksini tapması sülh prosesinə mane olur və dövlət başçımız dönə-dönə vurğulayır ki, əgər Ermənistan əsas qanununda dəyişiklik etməsə sülh sazişinin bağlanması mümkün deyil. Bu isə qarşı tərəfin əsas qanununda dəyişikliklər etmək, qonşularla münasibətlərini beynəlxalq hüquq normalarına uyğun şəkildə formalaşdırmaq zərurəti yaradır.

Hər zaman olduğu kimi, Ermənistan bu məsələdə də manipulyasiya etməyə çalışır. Belə ki, ölkənin xarici işlər nazirliyinin rəhbəri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib ki, Azərbaycanın da Əsas Qanununda uzunmüddətli sülhün bərqərar olmasına imkan verməyən məqamlar var. Mirzoyan vəziyyəti eyniləşdirməklə sanki özlərinə haqq qazandırmaq, "sudan duru" çıxmaq istəyir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə həmkarının iki ölkənin konstitusiyalarında paralellik aparmasını və süni şəkildə bərabərlik yaratmaq cəhdinin qəbuledilməz olduğunu deyib: "Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə və Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə də bu mövzuda paralellik yaratmaq cəhdləri qəbuledilməzdir. Əfsuslar olsun ki, bu kimi tendensiyaları biz ilk dəfə deyil görürük. Bəzi hallarda danışıqlar prosesində Ermənistan üçün belə demək olarsa, uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa belə, süni şəkildə güzgü effekti yaratmaq cəhdləri edilir".

Sülh və əməkdaşlığı, birgəyaşayışı həyata keçirdiyi siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirən Azərbaycan regionda hər hansı riskin olmaması, Ermənistanın nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymaması üçün sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv iş aparır. İkinci Qarabağ müharibəsindən keçən 4 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin gərgin əməyi, qətiyyəti, prinsipiallığı nəticəsində sülh prosesinin bu qədər irəlilədiyi bir zamanda Ermənistan həqiqətən də münasibətləri normallaşdırmaq istəyirsə, regiona sülhün gəlməsinə mane olan bütün maneələri aradan qaldırmalıdır.

Mehparə ƏLİYEVA,

"Respublika".