Ermənistana və havadarlarına sərt xəbərdarlıq
Siyasət

Ermənistana və havadarlarına sərt xəbərdarlıq

Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü ilə bağlı Xankəndi şəhərində 8 noyabr 2023-cü il tarixdə keçirilən hərbi paradı xalqımız, eləcə də dünya azərbaycanlıları böyük sevinc və qürurla izlədi. Hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev çıxış edərək Vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq, şücaət, Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və mərdlik barədə danışdı.

Ermənistan torpaqlarımızı işğal altında saxladığı dövrlərdə xalqımız inanırdı ki, Heydər Əliyev siyasi kursunu davam etdirən müdrik, qətiyyətli, uzaqgörən siyasətçi, eləcə də mahir diplomatik bacarığa, sarsılmaz siyasi iradəyə sahib olan Prezident Azərbaycanı dünyada güclü bir dövlətə çevirəcək, düşmən tapdağında olan torpaqlarımızı azad edəcək.

2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçilən İlham Əliyev andiçmə mərasimində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə xalqa söz verdi. Prezident Azərbaycanda milli birliyin bərqərar olmasına nail oldu. Azərbaycan iqtisadiyyatı hər il artdı, ordumuzun maddi-texniki bazası yeniləndi, ən müasir silahlarla təmin edildi, güclü milli ordu yaradıldı. Bütün bu işlər bizi böyük Zəfərə yaxınlaşdırırdı. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatının qarşısını alaraq əks-hücuma keçdi və 44 gün ərzində düşmən ordusunu darmadağın edərək şəhər və kəndlərimizi işğaldan azad etdi. Azərbaycanın əsgər və zabitləri misli görülməmiş böyük qəhrəmanlıq göstərdilər, müharibə zamanı bir addım belə geri çəkilmədilər. Azərbaycan Ordusunun qəhrəmanlığından, şücaətindən qorxuya düşən erməni əsgərləri təşviş içində döyüş meydanını tərk edirdilər. Ermənilər özləri etiraf edirdilər ki, 44 günlük müharibə zamanı 12 min erməni əsgər və zabiti fərarilik etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər hərbçisi belə döyüş meydanını tərk etməmişdir.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Zəfər bayramımız kimi tarixə yazıldı. 2023-cü ilin sentyabrında ordumuz həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini uğurla başa çatdırdıqdan sonra ölkəmizin suverenliyi tam bərpa edildi, Qarabağda separatizmə son qoyuldu. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması tariximizdə şanlı bir gün oldu.

Prezident İlham Əliyev 20 il əvvəl xalqımıza verdiyi vədləri yerinə yetirdi. Bu gün dünya ictimaiyyəti, o cümlədən ermənilər və onların havadarları da yaxşı başa düşürlər ki, Prezident İlham Əliyev nəyi deyibsə, ona da əməl edib. Ölkə başçımızın sözü imzası qədər dəyərlidir.

Hərbi paradda Prezident İlham Əliyevin söylədiyi fikirlər Ermənistana və onun havadarlarına bir xəbərdarlıq olmalıdır. Ermənistan hakimiyyəti, revanşist qüvvələr və onların arxasında dayanan ölkələr ermənilərin 2020-ci ildə düşdükləri aqibəti unutmamalıdırlar.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor.