Ermənistan sülh üçün addımlar atmalıdır
Siyasət

Ermənistan sülh üçün addımlar atmalıdır

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm işlər aparılır. Amma sülh sazişinin çox qısa müddətdə bağlanmasının mümkünlüyü real görünmür. Çünki bunun üçün rəsmi Bakının tələbləri yerinə yetirilməlidir.

Azərbaycan Ermənistan konstitusiyasında həm ölkəmizə, həm də qardaş Türkiyəyə qarşı ərazi iddiaları olan maddələrin çıxarılmasını, Ermənistan Parlamentinin 1989-cu il 1 dekabr və 1992-ci il 12 iyul tarixli qərarlarının ləğv edilməsini tələb edir. 1992-ci ildə qəbul edilmiş qərara görə, Ermənistan dövlətinin rəsmi nümayəndələrinin Qarabağı Azərbaycanın ərazisi kimi tanıyacaq sənədə imza atması qadağan edilib. Belə olduğu təqdirdə, sülh prosesinin normal məcrada davam etməsi üçün Ermənistan konstitusiyası və qanunvericilik aktlarında məlum maddələrin ləğv edilməsi labüddür. Bu, baş tutmadan iki ölkə arasında sülh müqaviləsinin imzalanması, normal münasibətlərin qurulması mümkün deyil. Təbii ki, Ermənistan tərəfi də bu məsələləri anlayır, amma ölkə daxilində baş verən hadisələr, siyasi gərginlik sülh prosesinə mane olur.

Vaxtikən Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsinin labüdlüyü barədə fikir söyləyən Nikol Paşinyan və onun komanda üzvləri indi bu məsələni başqa məcraya çəkmək istəyirlər. Onlar hesab edirlər ki, Azərbaycanın bu tələbi Ermənistanın daxili işlərinə qarışmaq cəhdidir. Amma ölkəmiz əsla heç bir ölkənin daxili işlərinə qarışmağa maraqlı olmayıb. Ermənistan konstitusiyasında birbaşa ölkəmizlə əlaqəli məsələlər olduğundan, Azərbaycan bu tələbi irəli sürüb. Bu proses müəyyən qədər zaman alacaq. Çünki Ermənistanın qanunvericilik aktlarında dəyişiklik olunması üçün referendum keçirilməlidir. Nikol Paşinyan hakimiyyəti bunu başa düşür və cəmiyyəti buna hazırlamağa çalışır. Referendumda lazımi nəticəni almaq üçün məhz cəmiyyətlə fəal iş aparılmalıdır. Amma referendum keçirilənə qədər Ermənistan müəyyən addımlar atmalıdır. Bunlardan birincisi o ola bilər ki, Ermənistanın Konstitusiya Məhkəməsi qanunvericilik aktlarında müəyyən məsələlərlə bağlı ilkin rəylər versin və bu cəmiyyətə çatdırılsın. Ardınca isə referenduma hazırlıqlar başlansın. Bundan sonra sülh müqaviləsinin imzalanmasına nail olmaq olar.

Oqtay QASIMOV,

politoloq.