Ermənistan öz əhalisinin rifahını düşünmür
Digər xəbərlər

Ermənistan öz əhalisinin rifahını düşünmür

"Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq".

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında səsləndirib. Bu da bir daha onu göstərdi ki, sülh təkcə iki ölkənin münasibətlərini formalaşdıran və yaxşılaşdıran bir proses deyil, həmçinin region üçün də sakitliyin təmin olunmasına zəmin yaradacaq amildir. Bu istiqamətdə Azərbaycan ciddi addımlar atır, mütəmadi şəkildə Ermənistanı sülhə çağırmasına baxmayaraq, qarşı tərəf rədd cavabı verir. Bu da bir daha onu göstərir ki, Ermənistan üçün sülh, əhalisinin rifah məsələsi mühüm deyil.

Konfransda müzakirə olunan məsələlər və çıxışlar ətrafında danışan politoloq Samir Hümbətov bildirir ki, bu konfrans mühüm əhəmiyyət kəsb edir: "Prezident İlham Əliyev də çıxışı zamanı əsas məsələlərə toxundu, öz fikirlərini bildirdi. Əlbəttə, prezidentin səsləndirdiyi fikirlərin hüquqi əsası var. Ölkə başçımızın sülh məsələsinin mütləq olduğunu xüsusilə qeyd etməsi ondan xəbər verir ki, Azərbaycan bölgədə sülhün tərəfdarıdır və buna əsasən addımlar atır. Yəni bunun üçün bütün lazımi vasitələrdən istifadə edir. Ermənistan isə fərqli bir yanaşma ortaya qoyur. Bunun səbəbləri məlumdur. Ermənistanın qeyri-konstruktiv addım atmasına, həm daxili, həm də xarici vəziyyəti əsas verir. Ölkədə revanşist və ultramillətçi qüvvələr, eyni zamanda kənar güclərin ünsürləri hələ də qalmaqdadır. Bu, ölkə daxilində qeyri-stabil vəziyyətin hökm sürməsini şərtləndirir ki, nəticə etibarilə Paşinyan hökuməti də bundan çəkinir. Və normal dəqiq bir sülh konsepsiyası ortaya qoya bilmirlər. Eyni zamanda xarici amillər də var. Məsələn, Şimalda Rusiyanın, Cənubda İranın bölgə ilə bağlı öz maraqları var və öz siyasətlərini yürütməyə çalışırlar. Eyni zamanda Fransa da eyni cəhdlə bölgədə varlığını formalaşdırmağa çalışır. İkinci Qarabağ savaşından sonra onun Qarabağdakı siyasətinə son qoyuldu. Eyni zamanda ABŞ-ın və Hindistanın, Avropa İttifaqının da burada maraqları var. Buna görə də bu kontekstdə Ermənistan maraqları uzlaşdıra, öz daxili auditoriyasını formalaşdıra, Paşinyan xüsusən də Ermənistanın xarici siyasətini idarə edə bilmir. Ona görə də uzun müddətdir ki, bir nəticə alınmır. Amma bu siyasətdir. Hər an hər şey dəyişə bilər. Azərbaycan onsuz da lazım olan addımları atır. Konfransda da qeyd edildi ki, onlar istəmirlərsə, bizə də sülh lazım deyil. Biz onsuz da özümüz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz artıq sərhədlərimizin tam sahibiyik. Bu barədə artıq Ermənistan dərindən düşünməlidir".

Töhfə SƏMƏDOVA,

"Respublika".