SAĞLAM VƏ KEYFİYYƏTLİ ƏRZAQLA TƏMİNAT DİQQƏT MƏRKƏZİNDƏ
Digər xəbərlər

SAĞLAM VƏ KEYFİYYƏTLİ ƏRZAQLA TƏMİNAT DİQQƏT MƏRKƏZİNDƏ

Ölkəmizdə həyata keçirilən səmərəli və məqsədyönlü aqrar siyasət kənd təsərrüfatının davamlı inkişafını şərtləndirib. Kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bununla yanaşı, "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramı ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etmək və heyvanların cins tərkibini yaxşılaşdırmaqla yanaşı, məhsuldarlığı da artırır. Müvafiq Dövlət Proqramı əsasında ölkədə heyvandarlıq sektorunda məhsuldarlığı artırmaq sahəsində xeyli irəliləyiş əldə edilib.

Respublikanın qabaqcıl aqrar rayonlarından hesab olunan Goranboy rayonunda da bu sahədə nəzərəçarpacaq dərəcədə uğurlar qazanılmışdır. Bu son dərəcədə aktual məsələ ilə bağlı, təcrübəli mütəxəssis, uzun müddət Goranboy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə rəhbərlik edən Elsevər Hüseynovla həmsöhbət olduq. O qeyd etdi ki, Goranboy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsi tərəfindən rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq, bütün sektorlarda vətəndaşların istifadəsində olan kənd təsərrüfatı heyvanları və quşları arasında lazımi müalicə-profilaktiki tədbirləri vaxtlı-vaxtında icra edilir. Heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz, saf heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemini həyata keçirən baytarlıq sistemi daim fəaliyyətdədir. Təsdiq edilmiş mövcud plan əsasında heyvanlar arasında yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısının alınması istiqamətində çox ciddi fəaliyyət göstərilir. Xidmətin aidiyyəti işçiləri günün bütün vaxtlarında mal-qara üçün göndərilmiş peyvənd vasitələrini vaxtlı-vaxtında işlədərək proflaktik tədbirlər aparırlar.

Bu ilin əvvəlindən epizootiya əleyhinə tədbirlər mütəşəkkil qaydada keçirilmişdir. İribuynuzlu heyvanlarda müalicə-profilaktika və peyvəndləmə tədbirləri aparılmışdır. Belə ki, 153 baş iribuynuzlu heyvanda, 30401 baş xırdabuynuzlu heyvanda ektoparazitlər xəstəliyinə qarşı çimizdirmə tədbirləri, 1571 baş vəhşi heyvanda quduzluq xəstəliyinə qarşı oral peyvəndləmə aparılmışdır. Eyni zamanda 37094 baş iribuynuzlu heyvanda, 171836 baş xırdabuynuzlu heyvanda, 1739 baş atda, 133 baş donuzda, 6 baş ulaqda, 5329 baş itdə qarayara, 37952 baş iribuynuzlu heyvanda, 164225 baş xırdabuynuzlu heyvanda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti bölgələrdə fermer və sahibkarla mütəmadi görüşlər keçirir. Xırdabuynuzlu heyvanların "Rev-1" ştammı, iribuynuzlu heyvanların "S-19" ştammı ilə brusellyoz xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin aparılması, brusellyoz və iribuynuzlu heyvanların yoluxucu nodulyardermatit xəstəliklərinə, xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin A, O tiplərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarətin saxlanması məqsədilə baytarlıq baxışı təşkil olunur. Heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasından və peyvəndləmələrin əhəmiyyətindən söhbət aparır və fermerlərə müvafiq tövsiyələrini verir. Xidmətin işçiləri kəndlərə, qoyun sürüləri olan yataqlara baş çəkir, binalar dezinfeksiya olunur, lazımi proflaktik tədbirlər aparırlar. Tədbirlərin müvəffəqiyyətlə yerinə yetirilməsində rayon icra hakimiyyəti və bələdiyyələrin köməyini xüsusi qeyd etmək lazımdır. Əhalinin keyfiyyətli və sağlam ərzaqla təmin olunması üçün müvafiq tədbirlərlərdə fəallıq göstərirlər. Heyvanlar mövcud, müasir tələblərə uyğun yerlərdə kəsilir, yoxlandıqdan sonra satışa buraxılır.

Sonda idarə rəisi əminliklə bildirdi ki, mövcud imkanlardan istifadə edərək, əhalinin tam keyfiyyətli, saf ərzaqla təmin etmək üçün Xidmət var qüvvəsi ilə çalışacaqdır.

Zabit XƏLİLOV,

"Respublika".