Erməni “cildinə girmiş” BQXK
Digər xəbərlər

Erməni “cildinə girmiş” BQXK

Uzun illər ölkəmiz beynəlxalq ictimaiyyətin, eləcə də bir sıra təşkilat və qurumların ikiüzlü yanaşması ilə üzləşib. Beynəlxalq hüquq haqlı mövqeyimizi dəstəkləsə də, bu qanunları heçə sayan bəzi siyasi fiqurlar qərəzli mövqe nümayiş etdiriblər və əfsuslar olsun ki, hələ də bu kimi hallara təsadüf edilir. 44 günlük Vətən müharibəsinə qədər öz həllini tapmayan Qarabağ məsələsində də selektiv yanaşmanı görmək mümkün idi. Bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyətinə nəzər yetirək. Əsas vəzifəsi dünyanın müxtəlif ərazilərində humanitar missiyaların icrası olan BQXK-nın Azərbaycandakı fəaliyyəti bəzi suallar doğurur. Məsələnin daha dərininə getsək, BQXK-nın Xankəndidə yerləşən ofisinin Bakıya deyil, İrəvana tabe olması da düşündürücü məqamlardandır. Logistik və inzibati tənzimləmələrə gəldikdə isə qurum ictimaiyyətə açıqlama verməkdən çəkinir. Bunun başlıca səbəbi isə BQXK-nın sadaladığımız məsələlərlə bağlı deyiləcək sözünün olmamasıdır. Bu cür reallıqları ört-basdır etmək, həmçinin sualdan yayınmaq cəhdi sadəcə qurumun acizliyinin təzahürüdür. BQXK rəsmiləri həqiqəti etiraf etməkdən boyun qaçırırlar.

Tarixə nəzər salsaq görərik ki, BQXK hələ 2000-ci illərin əvvəllərində nəinki Azərbaycanın razılığı olmadan, hətta ölkəmizə məlumat vermədən Xankəndidəki separatçı rejim ilə saziş imzalayıb. Sözügedən sazişin mətni bu günədək gizli saxlanılmaqdadır. Azərbaycan tərəfindən çoxsaylı tələblər olmasına baxmayaraq, BQXK məxfilik bəhanəsi ilə mətni açıqlamaqdan imtina edir. Bu faktlar bir daha qurumun özünü sadəcə sözdə "bitərəf" və ya "müstəqil" qələmə verdiyini sübut edir.

BQXK-nın Qərbin kəşfiyyat vasitəsi kimi fəaliyyət göstərdiyinə dair bir sıra mülahizələr də mövcuddur. Çünki istər Birinci, istərsə də İkinci Qarabağ müharibələri zamanı komitə əməkdaşlarının hərbi sirr sayıla biləcək məlumatlar topladığı və həmin məlumatların Fransa və Ermənistana ötürüldüyünə dair məlumatlar da var. Belə ki, vaxtilə BQXK-nın iki livanlı əməkdaşının hərbi sirr sayıla biləcək məlumatlar topladığı üzə çıxmışdı. Nəticədə onlar Azərbaycanda "persona non-qrata" - arzuolunmaz şəxs elan edilmişdilər. Qurumun bu günədək hələ də sözügedən məsələyə arqumentli şəkildə aydınlıq gətirməməsi onun fəaliyyətini bir daha şübhə altında qoyur.

 "Humanitar" təşkilatın Ermənistan kimi məkrli planların arxasınca qaçdığını da söyləsək, yanılmarıq. Belə ki, BQXK-nın xəritələrində hələ də Qarabağ ərazisi xüsusi olaraq göstərilir və Azərbaycan ərazisindən fərqləndirilir. Buradan aydın olur ki, BQXK separatçılığa göz yumur, qapalı qapılar arxasında hətta ona dəstək də göstərir. Separatçılığa dəstək verən bir qurumun özünü humanitar təşkilat adlandırması isə gülüncdür. Bir məqamı da qeyd edək ki, BQXK-nın ermənilərə yanaşması da tamamilə fərqlidir. Məsələn, İkinci Qarabağ müharibəsi başa çatandan sonra BQXK qısa vaxt ərzində 1700 nəfər erməni hərbçinin cəsədini toplamağı bacarmışdı. Amma təşkilat Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min azərbaycanlı hərbçinin tapılması üçün bu günə qədər konkret bir addım atmayıb. Həmçinin, hələ 1995-ci ildə 54 nəfər azərbaycanlının əsirlikdə saxlandığı təşkilat tərəfindən müəyyənləşdirilmiş, onların məktubları da təqdim edilmişdi. Sonradan isə nə əsir həmvətənlərimizdən, nə də BQXK-dan heç bir xəbər çıxmadı. İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra BQXK-nın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgədə yaşayan erməni əhalisi üçün qaçaqmalçılıqla məşğul olduğu da üzə çıxdı.

Bütün bunların əsl adı isə riyakarlıqdır. Həm də erməni riyakarlığı...

Nəzrin ELDARQIZI,

"Respublika".