DÜNYA BUGÜN
Dünya xəbərləri

DÜNYA BUGÜN

VENESUELA VƏ BRİTANİYA ARASINDA GƏRGİNLİK HƏR ÖTƏN GÜN DAHA DA ARTIR

Venesuela prezidenti Nikolas Maduro Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Trent” gəmisinin Qayana sahillərində lövbər salmasına sərt reaksiya verib. “Teleqraf.com”un xəbərinə görə, dövlət başçısı Şərqi Karib hövzəsində müdafiənin gücləndirilməsi və Venesuelanın Atlantik okeanı sahillərində hərbi təlimlərin keçirilməsi barədə göstəriş verib.

Nikolas Maduro Böyük Britaniyanın qərarını “Venesuela xalqına qarşı təhdid” adlandırıb. Onun sözlərinə görə, Venesuela ərazi mübahisəsini həll etmək üçün Qayana ilə əldə edilmiş razılaşmaya əməl edir.

Qeyd edək ki, iki ölkə hazırda Qayananın tərkibində olan Essekibo bölgəsi üzərində mübahisə aparır. Venesuela bölgənin ona aid olduğunu bildirir.

Qayana Böyük Britaniyanın müstəmləkəsi olanda, 1899-cu ildə qəbul olunmuş sərhəd arbitraj qərarına əsasən, Essekibo çayı ölkənin qərb sərhədi kimi müəyyən olunub. Lakin 1966-cı ildə müstəqilliyini qazanan, 1970-ci ildə BMT-yə daxil olan Qayana bu sərhədi tanımayıb və Essekibonu öz ərazisi elan edib.

GÜRCÜSTANIN Aİ-YƏ ÜZVLÜYƏ HAZIR

 OLACAĞI TARIX AÇIQLANIB

Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq. Bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze “İmedi” telekanalının efirində bəyan edib.

Bununla yanaşı, siyasətçi Gürcüstan və Moldovanın imkanlarını müqayisə edərək ölkəsinin iki il ərzində iqtisadi göstəricilərini önəmli dərəcədə artırdığını və bunun Aİ-yə daxil olması üçün həlledici amillərdən biri olduğunu diqqətə çatdırıb.

“Gəlin iqtisadiyyatı götürək, Gürcüstan və Moldovanı müqayisə edək. Bu il və təkcə ötən il biz Moldova iqtisadiyyatı ilə fərqi 8 milyard dollar artırdıq. Bu o deməkdir ki, biz Avropaya inteqrasiya yolunda Moldova ilə müqayisədə irəlidəyik. Nəhayət, üzvlük məsələsi gündəmə gələndə əsas meyar yenə də iqtisadiyyat olacaq”, - deyə Kobaxidze vurğulayıb.

Xatırladaq ki, Aİ-nin dekabrda keçirilmiş sammitində Ukrayna və Moldova ilə 2024-cü ilin martında və ya daha sonra başlaya biləcək üzvlük danışıqlarına start vermək qərara alınıb. Sammitdə Gürcüstana Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi də elan edilib.

TÜRKİYƏ “F-16” QIRICILARININ MÜHƏRRİKLƏRİNİ İSTEHSAL ETMƏYİ PLANLAŞDIRIR

Türkiyə ABŞ-ın “General Electric” korporasiyasının “F-16” qırıcılarında istifadə olunan “F110” mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır. Bu barədə “TRT” telekanalı “Bloomberg” agentliyinə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, rəsmi Ankara Vaşinqtondan “F110” mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace Industries” kompaniyasının beşinci nəsil “KAAN" döyüş təyyarəsini iki ədəd “F110” mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında bu təyyarənin ilk uçuşu nəzərdə tutulub.

Qeyd edək ki, “KAAN" qırıcı təyyarəsi üzərində çalışmalar 2017-ci ildən Türkiyənin Milli Döyüş Təyyarələri Proqramı çərçivəsində həyata keçirilir. 2028-ci ildə onun kütləvi istehsalına start verilməsi gözlənilir.

Eyni zamanda, Türkiyə rəsmiləri bildirirlər ki, “KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın “F-35” döyüş təyyarələrini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində silahlanmada olan “F-16” qırıcılarını əvəz edəcək.

BÖYÜK BRİTANİYA POLŞADA ƏMƏLİYYAT QRUPUNA RƏHBƏRLİK EDƏCƏK

Böyük Britaniya Silahlı Qüvvələri yanvarın 1-dən etibarən NATO-nun Polşada yerləşən Çox Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupuna rəhbərlik edəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən qrupun əsasını təxminən 6 min Britaniya əsgərindən ibarət 7-ci Yüngül Mexanikləşdirilmiş Briqada təşkil edəcək. O, bir piyada alayı və artilleriya, mühəndislik, maddi-texniki və tibbi təminat daxil olmaqla 4 batalyondan, həmçinin bir sıra digər NATO ölkələrinin bölmələrindən ibarətdir.

Qeyd edilir ki, Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu ilk beş gün ərzində münaqişə zonasına yerləşdirilmək üçün nəzərdə tutulmuş alyansın Çevik Reaksiya Qüvvələri tərkibində NATO qoşunlarının xüsusi irəliləmə briqadasıdır.

DÖRD ÖLKƏ İRANLA BAĞLI BƏYANAT YAYIB

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya hesab edir ki, İranın uranı zənginləşdirmə sürətini artırması mülki sahədə heç bir məqsədlə izah oluna bilməz. “Teleqraf.com”un xəbərinə görə, dörd ölkənin birgə bəyanatını ABŞ Dövlət Departamenti yayıb.

Açıqlamaya əsasən, Böyük Britaniya, ABŞ, Fransa və Almaniya rəsmiləri bildirirlər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatında yer alan məlumatlar İranın zənginləşdirilmiş uran istehsalını üç dəfə artıraraq 60 faizə çatdıracağını göstərir.

Mütəxəssislərin fikrincə, rəsmi Tehran nüvə proqramının dinc xarakter daşıdığını təsdiq edə bilməsi üçün AEBA ilə tam və şəffaf əməkdaşlıq etməlidir.

Qeyd edək ki, “Röyters” agentliyinin məlumatına görə, İran uranın zənginləşdirmə dərəcəsini 60 faizə - ayda 3 kiloqramdan 9 kiloqrama çatdırıb. AEBA-nın açıqlamasına görə, noyabrın sonundan etibarən Tehran zənginləşdirmə səviyyəsini artırmağa başlayıb.

İSTANBULDA 1 MİLYONA YAXIN ZƏLZƏLƏYƏ DAVAMLI BİNA TİKİLƏCƏK

Türkiyənin ən iri şəhəri olan İstanbulda 1 milyona yaxın zəlzələyə davamlı bina tikiləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bəyan edib.

Nazirin sözlərinə görə, onların tikintisini bir neçə ilə bitirmək nəzərdə tutulub. Bu məqsədlə İstanbulda yeni yaşayış evlərinin tikiləcəyi 12 ərazi müəyyən edilib.

Eyni zamanda, nazir vurğulayıb ki, İstanbulda 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur. Qeyd olunub ki, ilk növbədə onlardan 600 mini sökülməlidir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də İstanbulun mümkün zəlzələyə hazırlığı çərçivəsində renovasiya proqramının reallaşdırılmasına göstəriş verib. Qeyd edək ki, seysmoloqlar İstanbulda 7 bal gücündə zəlzələnin baş verə biləcəyi haqda xəbərdarlıq ediblər.

DÜNYADA SƏRVƏTİ 100 MİLYARD DOLLARI ÖTƏN İLK QADIN

“L'Oreal” şirkətinin banisinin yeganə nəvəsi Fransuaza Betankur-Mayers dünyada şəxsi sərvəti 100 milyard dolları ötən ilk qadın olub. Bu barədə “Bloomberg” agentliyinin xəbərində qeyd olunur.

Məlumata əsasən, milyarder qadının ümumi sərvəti 100,2 milyard dollar təşkil edir. Onun miras aldığı “L'Oreal” şirkıtinin səhmləri dekabrın 28-də rekord səviyyədə bahalaşıb.

Fransız kosmetika maqnatının nailiyyəti “L'Oreal”ın səhmlərinin 1998-ci ildən bəri ən yaxşı ilini keçirməsi, ailənin yeganə ən böyük səhmdar kimi mövqeyini möhkəmləndirməsi və 268 milyard dollarlıq şirkətdə təxminən 35 faiz paya sahib olması ilə bağlıdır.

Qeyd edək ki, Fransuaza Betankur-Mayers 1997-ci ildən “L'Oreal” şirkəti İdarə Heyətinin üzvüdür. O, “Forbes” jurnalının reytinq cədvəlində dörd il ard-arda dünyanın ən varlı qadınlarının siyahısına başçılıq edib. Onun anası - Lilian Betankur da 14 il ərzində bu reytinq cədvəlində yer alıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.