DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LAVROV: ERMƏNİSTANIN NATO İLƏ DİALOQU TƏHLÜKƏLİDİR

Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırmaqdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TASS” agentliyinə müsahibəsində bəyan edib.

Rusiyalı nazirin sözlərinə görə, hazırda Ermənistan bir sıra problemlərlə üz-üzədir: “Üstəlik Qərbin köməyi ilə onların öhdəsindən gəlmək mümkün deyil. ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq, Ermənistana, bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmırlar”.

Sergey Lavrov bildirib ki, Qərbin vəzifəsi Moskvanı və digər regional gücləri sıxışdıraraq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaqdır.

“Rusiya ümdir edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşdirilməsi nəticəsində milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

QƏRB SERBİYADA ETİRAZ AKSİYALARININ TƏŞKİLİNDƏ İTTİHAM OLUNUB

Serbiyadakı etirazlarının arxasında Qərbin xüsusi xidmət orqanları, ilk növbədə Almaniya kəşfiyyatı dayanır. “Report” agentliyinin xəbərinə görə, bunu Serbiya Radikal Partiyasının lideri Voislav Şeşel bildirib.

“Şübhəsiz ki, bu etirazların baş verməsində Qərb ölkələrinin əli var. Bu dəfə Almaniya Federal Kəşfiyyat Xidməti böyük rol oynayır. Üstəlik, etiraz aksiyalarının arxasında ABŞ, Böyük Britaniya və Fransa xüsusi orqanları da dayanır”, - deyə partiya rəhbəri vurğulayıb.

Bununla yanaşı, siyasətçi qeyd edib ki, Serbiya hakimiyyəti güc tətbiq etməli olub və Belqrad belə bir qərarın verilməsinə dair uzun müddət tərəddüd edib, çünki daha əvvəl hakimiyyət məsuliyyətsiz insanlara körpüləri və magistral yolları bağlamağa icazə verib.

“Bunu vaxtında dayandırmaq lazım idi. Şəhərin mərkəzində istədiyiniz qədər etiraz edə bilərsiniz, lakin həyati əhəmiyyətli nəqliyyat qovşaqlarını təhlükə altına almaq olmaz. Bu halda güc tətbiqinə haqq qazandırmaq olar”, - deyə Voislav Şeşel əlavə edib.

TÜRKİYƏNİN YENİ PİLOTSUZ TƏYYARƏSİ İLK UÇUŞUNU HƏYATA KEÇİRİB

Türkiyənin yeni pilotsuz döyüş  təyyarəsi “ANKA-3” ilk uçuşunu uğurla həyata keçirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “X” səhifəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, döyüş təyyarəsi qabaqcıl texnologiyası, dizaynı və performansı ilə Türkiyətin müdafiə qabiliyyətini gücləndirəcək.

“Pilotsuz döyüş təyyarəmiz “ANKA-3” bu gün ilk uçuşunu uğurla həyata keçirdi. İnşallah, təyyarəmiz qabaqcıl texnologiyaları, dizaynı və xüsusiyyətləri ilə ölkəmizin müdafiəsinə böyük töhfə verəcək”, - deyə Ərdoğan paylaşımında vurğulayıb.

Məlumata əsasən, “ANKA-3” gizli texnologiyalardan istifadə etməklə “uçan qanad” dizaynına uyğun olaraq yaradılmışdır ki, bu da onu radarlar üçün təsirsiz hala gətirir.

Dronun maksimal uçuş hündürlüyü 12 kilometr, havada qalma müddəti 10 saat, faydalı yükü 1,200 ton, maksimal sürəti saatda 800 kilometrdən yuxarıdır.

AVRONUN “ATASI” DÜNYASINI DƏYİŞİB

Avropa İttifaqı ölkələrinin vahid valyutası - avronun dövriyyəyə buraxılmasında əsas rol oynamış Avropa Komissiyasının keçmiş prezidenti Jak Delor 98 yaşında dünyasını dəyişib. “Trend” agentliyinin məlumatına görə, bu barədə onun qızı Martina Obri bildirib. O qeyd edib ki, Jak Delor özünün Parisdəki iqamətgahında vəfat edib.

Jak Delor prezident Fransua Mitteranın hakimiyyəti dövründə bu ölkənin maliyyə naziri vəzifəsini tutub. J.Delor 1985-ci ildə sonradan Avropa Komissiyası adlandırılan Avropa İcmalar Komissiyasının prezidenti seçilib və üç dəfə ardıcıl seçilməklə, 1995-ci ilədək bu vəzifəni icra edib.

Məlumata görə, Jak Delorun rəhbərliyi ilə Avropada yeni inteqrasiya prosesinə başlanılıb. 1985-ci ildə Şengen sazişi imzalanıb, daha sonra onun hazırladığı proqram Avropa İttifaqının vahid valyutasının dövriyyəyə buraxılması ilə nəticələnib.

TÜRKİYƏ PARLAMENTİ İSVEÇİN NATO ÜZVLÜYÜNƏ GƏLƏN İL SƏS VERƏCƏK

Türkiyə parlamenti 2024-cü il büdcəsini və bir sıra qanunları qəbul etdikdən sonra qış tətilinə çıxıb. Bu barədə “Haber Global” telekanalının məlumatda qeyd olunur.

Verilən xəbərə görə, Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya müraciəti ilə bağlı səsvermə onun fəaliyyətini bərpa edəcəyi, yəni yanvarın 16-dan sonra mümkün olacaq.

Qeyd edək ki, dekabrın 26-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin alyansa qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.

İndi bütövlükdə parlament daxilində bununla bağlı səsvermə keçirilməlidir. Onun təsdiqi üçün deputatların səs çoxluğu kifayətdir.

Məlumata görə, 600 yerlik parlamentdə Ədalət və İnkişaf Partiyasının deputatları çoxluq təşkil etdiyi üçün hakim partiyanın istəyi yekun qərara təsir edəcək.

Türkiyə Böyük Millət Məclisinin müvafiq komissiyasının rəhbəri Fuat Oktay jurnalistlərə açıqlamasında İsveçin müraciətinin parlamentdə tezliklə ratifikasiya olunacağını gözləmədiyini bildirib.

ABŞ RUSİYA AKTİVLƏRİNİN MÜSADİRƏ YOLLARINI AXTARIR

ABŞ “G7” ölkələrinə Rusiyanın təxminən 300 milyard  dollar dəyərində dondurulmuş aktivlərinin müsadirə edilməsinin mümkün yollarını araşdırmağı təklif edib. Bu barədə “The Financial Times” nəşri məlumat yayıb.

Xəbər verilir ki, dekabr ayında “G7” ölkələrinin maliyyə nazirləri və onların müavinləri müsadirə mexanizmini necə hazırlamaq və onunla bağlı risklərdən qaçmaq yollarını müzakirə ediblər. ABŞ və onu dəstəkləyən Böyük Britaniya, Kanada və Yaponiya fevralın sonunda baş tutması gözlənilən “G7”nin görüşü ilə bağlı mümkün variantları hazırlamaq üçün məsələnin bir daha nəzərdən keçirilməsini irəli sürüblər.

Bununla yanaşı, rəsmi Vaşinqton məsələnin hüquqi tərəfi, mexanizmin tətbiqi üsulları və risklərin azaldılması ilə məşğul olacaq üç işçi qrupu formatında müsadirə imkanlarının müzakirəsini, həmçinin müsadirə olunmuş aktivlərin Ukraynaya dəstək üçün yönəldilməsi yollarının öyrənilməsini təklif edib.

“The Financial Times”ın məlumatına görə, Almaniya, İtaliya və Fransa bununla bağlı qərar qəbul edilməzdən öncə Rusiyanın aktivlərinin müsadirəsinin qanuniliyinin diqqətlə öyrənilməsinin lazım olduğunu bildiriblər.

BRİTANİYA VƏ YUNANISTAN ARASINDA “ANTİK BÖHRAN” DAVAM EDİR

Böyük Britaniya və Yunanıstan arasında antik heykəl böhranı davam edir. “Teleqraf.com”un xəbərinə görə, Yunanıstanın mədəniyyət naziri Lina Mendoni antik heykəllərin Afinaya qaytarılacağı təqdirdə Britaniya Muzeyindəki boşluğu dolduracaq başqa əsərlərin göndəriləcəyinə söz verib.

Həmçinin yunan nazir bildirib ki, Parfenon mərmərləri Afinaya qaytarılarsa, ən böyük xəzinələrindən bəzi əsərləri Britaniya üçün ayırmağa hazırdırlar.

Məlumata görə, Parfenonun bu günə qədər gəlib çatmış orijinal heykəllərinin təxminən yarısı Britaniya Muzeyindədir. Yunanıstan heykəllərin geri qaytarılmasını tələb edərkən nə muzey rəhbərliyi, nə də Britaniya hökuməti bu çağırışa cavab verir.

Xatırladaq ki, Afinadakı Partfenon məbədi e.ə. V əsrdə tikilib. 1800-cü illərin əvvəllərində Britaniya səfiri Tomas Bryus məbəddəki bəzi əsərlər və heykəlləri araşdırmaq məqsədilə ölkəsinə aparıb. O vaxtdan bəri Yunanıstan tarixi əsərləri geri almağa çalışsa da, buna nail ola bilmir. Bugünlərdə Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin əsərləri geri tələb etməsi ölkəsi ilə Britaniya arasında diplomatik gərginliyə səbəb olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.