DSX: Yardımlı rayonu istiqamətində yolu azaraq sərhədi pozan İran vətəndaşının ölkəsinə təhvil verilməsi nəzərdə tutulub
Digər xəbərlər

DSX: Yardımlı rayonu istiqamətində yolu azaraq sərhədi pozan İran vətəndaşının ölkəsinə təhvil verilməsi nəzərdə tutulub

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində tədbirləri davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, fevralın 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyənləşdirilib.

Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb. Həmin şəxsin qısa müddətdə İran tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

AZƏRTAC