Dövlət Neft Şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti arasında Saziş imzalanıb
İqtisadiyyat

Dövlət Neft Şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti arasında Saziş imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və Umm Lulu yataqlarında iştirak payının 3 faizinin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.

SOCAR-ın mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. ADNOC tərəfindən "Abşeron" qaz-kondensat yatağında 30 faizlik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.

“Respublika”.