KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq
İqtisadiyyat

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının Qanununda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub. Bundan irəli gələrək Azərbaycan Prezidentinin 13 may 2024-cü il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə” təsdiq olunub. Sözügedən əsasnamə reyestrin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını, o cümlədən reyestrin aparılması qaydasını və buraya daxil edilməli olan məlumatların siyahısını müəyyən edir. Reyestrin sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Bu barədə Agentliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir.

Müvafiq əsasnaməyə uyğun olaraq yaradılacaq reyestr KOB-lar, onlara dövlət qurumlarının göstərdiyi xidmətlər və dəstək tədbirləri, fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri barədə məlumatların vahid elektron mənbədən əldə edilməsinə imkan verəcək. Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB subyektləri barədə zəruri məlumatların operativ əldə olunmasına, istifadəçilər üçün rahatlığın təmin edilməsinə, həyata keçirilən prosedurlar və onların nəticələrinin izlənilməsi mümkünlüyü ilə şəffaflığı təmin edəcəkdir.

“Respublika “.