Zəmilərin
İqtisadiyyat

Zəmilərin "sarı kəhrəbası"

Qusar respublikamızın Şimal bölgəsində ən iri taxılçılıq rayonudur. Rayonda hər il on min hektardan çox ərazidə taxıl əkilir. Taxılçılıq təsərrüfatları sahələrində bu il kifayət qədər məhsul yetişib. Sarı sünbüllər bolluqdan xəbər verir. Yaxın günlərdə rayonda taxıl yığımına başlanacaq. Fermerlər, əlaqədar kənd təsərrüfatı qurumları yetişdirilən məhsulun vaxtında, tez və itkisiz yığılması üçün ciddi hazırlıq görüblər.

Bu barədə bir qədər ətraflı məlumat verən rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Xələf Babayev deyir ki, cari ilin məhsulu üçün rayonumuzda 23 min 121 hektarda taxıl əkilib. Bunun 15 min 580 hektarı buğda, 7 min 541 hektarı isə arpadır. Taxıl sahələrinin 18 min 671 hektarı dəmyə, 4 min 450 hektarı isə suvarılan torpaqlardır. Rayonun ərazisində yerləşən "Şahdağ" MMC, fermerlər Şıxkamal Daşdəmirov, Molla Qurbanov, Qüdrət Cəfərov, Müzafəddin Qayıtmazov, Ruslan Mustafayevin rəhbərlik etdiyi təsərrüfatlar daha çox taxıl yetişdiriblər. Taxılçılarımız yüksək məhsul əldə etmək üçün sahələrdə bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçiriblər. Təsərrüfatlara hər cür dəstək göstərilmiş, subsidiyaların vaxtında alınması təmin olunub. Aparılan aqrotexniki xidmətlər və əlverişli keçən hava şəraiti nəticəsində zəmilərdə ötən ilə nisbətən məhsul çoxdur. Hazırda rayonumuzun bütün taxılçılıq təsərrüfatları biçin ərəfəsindədir.

Biçinə hazırlıq məqsədilə rayon DAİM-də 13 nəfərdən ibarət Qərargah yaradılıb. Qərargah rayon DAİM-in mütəxəssisləri, aqroservis, bitki mühafizə, texniki nəzarət xidmətlərinin əməkdaşları və yerli icra nümayəndələrindən ibarətdir. Qərargahın üzvləri yerlərdə vaxtaşırı monitorinqlər keçirir, fermerlərlə görüşür, çətinlikləri öyrənirlər. Taxılçılarla keçirilən söhbətlər zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması tövsiyə olunur. Biçinin müvəffəqiyyətlə aparılması üçün 29 ədəd kombayn təmir olunub saz vəziyyətə gətirilib. Qeyd edim ki, bu kombaynların 9 ədədi rayon aqroservisinə, digərləri isə özəl təsərrüfatlara məxsusdur. Yığımın gedişi zamanı digər rayonlardan aqroservislərə məxsus kombaynlar da rayonumuza dislokasiya olunacaqdır. Görülən hazırlıq işləri deməyə əsas verir ki, biçin zamanı əkinçilərimiz heç bir çətinliklə üzləşməyəcəklər. Yığım vaxtında və keyfiyyətlə başa çatdırılacaq.

Samur qəsəbəsində yaşayan fermer Molla Qurbanov 20 ildən çoxdur ki, taxılçılıqla məşğuldur. O, əlavə xeyli torpaq sahəsi icarəyə götürməklə əkin sahələrini ildən-ilə genişləndirir. Təsərrüfatda bu mövsümdə 200 hektarda biçin aparılacaq. Fermer deyir ki, sahələrdə əsasən "Qarabağ-22" arpa, "Qobustan" buğda sortları yetişdirmişik. Dəmyə şəraiti olmasına baxmayaraq, hər hektardan azı 30 sentner məhsul gözləyirik. Texnika sarıdan təminatımız yaxşıdır. Biçin zamanı aqroservisə məxsus kombaynlardan istifadə edəcəyik. Dövlətin daimi dəstəyi biz fermerləri daha yaxşı işləməyə ruhlandırır. Çalışırıq ki, ölkəmizin ərzaq bolluğunda bizim də əməyimiz olsun.

Çox keçməyəcək ki, sahələrdə kombaynların səsi eşidiləcək. Əkinçilər ilboyu min bir zəhmətlə hasilə gətirdikləri məhsulu itkisiz, son dənəsinədək yığıb anbarlara daşıyacaqlar.

Ziyafəddin BAYRAMOV,

"Respublika".