DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiassiyasına üzv qəbul olunub
Sosial həyat

DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiassiyasına üzv qəbul olunub

Azərbaycanın sosial sahədə brendi kimi beynəlxalq səviyyədə tanınaraq yüksək qiymətləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi dünyanın 164 ölkəsinin müvafiq qurumlarını özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) üzv qəbul olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bununla  DOST Agentliyi bütün BSTA məhsullarına və xidmətlərinə (konfranslar, vebinarlar, peşəkar standartlar, potensialın gücləndirilməsi üzrə fəaliyyətlər və nəşrlər) birbaşa çıxış əldə edir. Bundan əlavə, üzvlük DOST Agentliyinə BSTA-nın Texniki Komissiyasının və regional strukturlarının fəaliyyətində iştirak imkanı yaradır. DOST Agentliyi əhaliyə çatdırılan xidmətlərin səviyyəsini və daxili prosedurları inkişaf etdirmək məqsədilə 2021-ci ildə BSTA-nın Tanınma Proqramına qoşulub.

Qeyd edək ki, ölkəmizdə son illər sosial sahədə aparılan islahatların uğurlu nəticələri BSTA  tərəfindən  də yüksək qiymətləndirilir. Ötən il DOST Agentliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) digər beynəlxalq mükafatlarla yanaşı, BSTA-nın 4 mükafatı və 3 Mükəmməllik Sertifikatı ilə də təltif olunublar. Bundan əlavə, "Avropa üzrə Yaxşı Təcrübə Mükafatı-2022" müsabiqəsində üç layihə ilə iştirak edən DOST Agentliyi müsabiqənin qalibi olub. Həmçinin keçən ilin oktyabr ayında DSMF sədri BSTA-nın Büro üzvü və Komitə sədri seçilib.

Təşkilat ölkəmizin son illərdə əldə etdiyi uğurlu sosial islahat təcrübəsinin digər ölkələrdə də tətbiqini təşviq edir.

Mustafa KAMAL,

"Respublika".