Hünər və şücaət nümunəsi
Sosial həyat

Hünər və şücaət nümunəsi

Masallı rayonu, Ərəb kəndində dünyaya göz açan Sahil Sarıbala oğlu Babayev 19-20 sentyabr 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı igidlik, şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Adını qəhrəmanlıq tariximizə yazan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli Sahillə bütün Azərbaycan xalqı fəxr edir. Onun 31 illik ömür yolu gələcək nəsillər üçün də gözəl örnəkdir.

Mənən qəlblərdə yaşayan Sahil Babayevin 32 yaş xatirəsi sevgi və ehtiramla oxuduğu təhsil ocağında - Ərəb kənd ümumi orta məktəbində anılıb. Tədbirdə şəhidin doğmaları və şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, rayon icra hakimiyyətinin, rayon üzrə təhsil sektorunun, Xırmandalı kənd ərazi nümayəndəliyinin işçiləri, məktəbin müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.

Mərasimdə Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, şəhid valideynləri Hafiz Qurbanov, Baloğlan Qasımov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov, şəhidin dostu, Vətən müharibəsi iştirakçısı Sabir İmanov, Sığıncaq kənd tam orta məktəbinin direktoru Əhliman Əliyev, Xırmandalı kənd tam orta məktəbinin müəllimi Qulu Gözəlov və başqaları Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı qazanılan şanlı Zəfərdən və şəhid Sahil Babayevin keçdiyi şərəfli döyüş yolundan qürurla söz açıblar.

Şəhid Sahil Babayevin 3 övladı - Samir, Elçin, Milay yadigar qalıb. Qəhrəman ataları ilə qürur duyan övladların söylədikləri şeir parçaları ilə çox kövrək anlar yaşanıb. Məktəblilərin ifasında qəhrəmanlarla bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər səslənib.

Şəhidin atası isə oğlu Sahil və onun timsalında Vətən yolunda canından keçən bütün Azərbaycan övladları ilə fəxr etdiyini deyib, tədbirin təşkilatçılarına və iştirakçılara, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.

Şəhidin məzarı ziyarət edilib, xatirəsinə ehtiram əlaməti olaraq üzərinə gül dəstələri düzülüb.

Zəfər ORUCOĞLU.