Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin dəyişməsində əhəmiyyətli rola malikdir
İqtisadiyyat

Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin dəyişməsində əhəmiyyətli rola malikdir

Çağdaş dünyamızın aktual hesab olunan məsələlərindən biri məhz enerji təhlükəsizliyidir. Çünki illər ötdükcə dünyadakı enerji qaynaqlarının əhəmiyyəti artır. Bu isə birbaşa sürətlə böyüyən dünya iqtisadiyyatındakı qaynaqlara əvvəlkindən daha çox tələbat yaradır. Xüsusi vurğulamaq lazımdır ki, strateji enerji mənbələri hazırda qlobal geosiyasi vəziyyətə təsir edən aparıcı faktorlardan biri kimi qiymətləndirilir.

Beləliklə, zəngin enerji qaynaqlarına sahib olan ölkələrin iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedə çıxış etməsi üçün əlverişli şərait formalaşır. Respublikamız zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq, enerji infrastrukturuna və sisteminə malik ölkələrdəndir.

Dövlətimizin enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən götürmüşdür. Sahib olduğumuz zəngin enerji resursları ölkəmizin iqtisadi potensialını gücləndirir, beynəlxalq müstəvidə əməkdaşlıqların qurulmasında da çox mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi iqtisadi məsələ olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması üçün ölkəmizə iri həcmdə investisiyanın yatırılması baxımından da əhəmiyyətlidir. Şübhəsiz, bu, dövlətimizin iqtisadi inkişafına böyük təkan verir, siyasi dividend qazandırır.

Avropanın enerji xəritəsini dəyişən əhəmiyyətli meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi, həmçinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırılması da reallaşıb. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılması həyata keçirilir. Gələcək perspektivlərdə ölkəmizin ixrac coğrafiyasını genişləndirmək məsələsi də öz əksini tapıb. Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyəti kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı ən təqdirəlayiq məqamlardan biri onun icrasına aparıcı beynəlxalq maliyyə institutlarının öz töhfəsini verməsidir. Bunlara, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı daxildir. Layihə tamamlandıqdan sonra ölkəmiz beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracını artırıb. Məsələn, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib ki,  bunun 8,5 milyard kubmetri Türkiyənin, 7 milyard kubmetri İtaliyanın, yerdə qalanı isə komandanın başqa üzv ölkələrinə - Gürcüstanın, Yunanıstanın və Bolqarıstanın payına düşüb. Əslində dünya bazarına nəzər yetirsək Azərbaycan qazına yüksək tələbatın olduğunu aydın şəkildə görmək də mümkündür. Belə ki, xarici dövlətlərin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar.  Bu göstəricilər zaman keçdikcə yüksəlməyə davam edir. Xatırladaq ki, hazırda Azərbaycanla Aİ arasında Xəzər sahillərindən Avropaya daha böyük həcmlərdə mavi yanacaq daşınmasını reallaşdırmaq məqsədilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində mühüm danışıqlar aparılır. Bu prosesə TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması da daxildir. TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard kubmetr, TAP-ın isə 10 milyard kubmetrdir. Həmin göstəricilərin gələcəkdə müvafiq olaraq 32 və 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub.

Bu gün ölkəmizin beynəlxalq aləmdəki nüfuzu Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində yüksəlir. Sadaladığımız faktlar bir daha Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin, yüksək idarəçilik qabiliyyətinin Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi dünyanın qabaqcıl ölkələrindən birinə çevrilməsində mühüm rol oynadığını təsdiqləyir.

Nəzrin ELDARQIZI,

"Respublika".