Yeni istehsal infrastrukturları
İqtisadiyyat

Yeni istehsal infrastrukturları

Respublikamızda müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin, iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar.

Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Sənaye zonalarında indiyədək 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və 68-i artıq fəaliyyətə başlayıb. Bu günədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.

Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə işlər uğurla davam etdirilir, beynəlxalq təcrübə daim öyrənilir və tətbiq edilir.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkında 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan "R-Pharm" MMC və "Diamed Co" MMC artıq fəaliyyətə başlayıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard manatdan çox hissəsi ixracın payına düşür. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 60-a yaxın ölkəsinə, (Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya və s.) ixrac olunub.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilməklə onların sayı 19-a yüksəlib.

Ağdam Sənaye Parkından yeni qeydiyyata alınmış "AS İstehsal" MMC-yə inşaat materialları istehsalı kompleksi yaradılacaq. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Ölkəmizdə sənaye parkları və zonalarında inşa edilən müəssisələr iqtisadi inkişafa öz töhfələrini verir, istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın yüksəlməsinə zəmin yaradır.

Müşfiq MİRZƏ,

"Respublika".