Biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik
Digər xəbərlər

Biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik

İkinci Qarabağ müharibəsi başlayana kimi, otuz illik erməni işğalı dövründə və ondan əvvəl də hayları inandırmışdılar ki, tezliklə Böyük Ermənistan qurulacaq, türklər Qafqazdan çıxıb gedəcəklər. Demək olar ki, hər gün erməni ideoloqları, radio-televiziya, qeyri-hökumət təşkilatları iddia edirdilər ki, Qarabağın işğalı əbədidir, orada güclü müdafiə qurulub, "Ohanyan səddi" keçilməzdir. Onlar havadarlarının köməyi ilə ikinci erməni dövləti quracaqlarına inanırdılar. Axmaq, boş və mənasız xəyalların girovuna çevrilmiş ermənilər səfalətə, kasıbçılığa, qıtlığa baxmayaraq, halay vurub "yallı" gedirdilər. Okeanın hər iki tayından axıb gələn ianələr, yardımlar bəzi Qərb dövlətlərinin, o cümlədən Fransanın göndərdiyi tula payı onların gözünü bağlamışdı. Eyforiya, özünəvurğunluq, lovğalıq, hərislik, başqasının torpağına göz dikmək, cinayətkarlıq hayların həyatında və əməllərində sərhəd tanımır.

Nəhayət, bütün haqsızlıqlara, erməni işğalına, hayların yaratdığı mifə, "yenilməz ordu"suna və bütün dünya erməniliyinə İkinci Qarabağ müharibəsində ölümcül zərbələr vuruldu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, erməni mifi yerlə-yeksan edildi. Bütün dünya Azərbaycan Silahlı Qüvvələrinin hərbi üstünlüyünü, peşəkarlığını, döyüş qabiliyyətini, şücaətini, ruhunu, Vətənə məhəbbətini, bayraq sevgisini gördü və döyüş meydanında hayların dizi qatlandı, beli sındırıldı, ideoloji dayaqlarına ağır zərbələr vuruldu. "Miatsum" xəstəliyinə tutulan, başqalarının qoltuğuna sığınan, ermənipərəst qüvvələrin arxasında gizlənən, qorxaq, hiyləgər, namərd və yaltaq erməniliyin başı dəmir yumruqla əzildi. XXI əsrin faşizmi Ermənistandır, terrorçu dövlətdir, körpə qatilidir, işğalçıdır. Şanlı Vətən müharibəsində başı əzilən, döyüş səngərlərindən tülkü kimi qaçan, yüzlərlə ölüsündən, xəstə qocasından imtina edən, kirli və qorxaq ermənilik indi ağalarının qarşısında göz yaşı tökür, ağlayır, məzlum görkəm alır, imdad diləyir. Bu, əsl erməni simasızlığıdır, faşist təfəkkürüdür, qaniçən, vəhşi bir toplumun nə qədər təhlükəli olduğundan xəbər verir.

Görünən budur ki, gerçəkliyi gözə almayan erməni "ideoloq"ları yenidən öz xalqını müharibəyə səsləyir, azərbaycanlılara qarşı "sərt, ardıcıl, ağıllı və birgə iş" aparmağı söyləyirlər. Bu qədər həyasızlıq, idbarlıq olmaz, bu çirkli, yaramaz fikirləri dilə gətirən məğlub ermənilərdir. Yenə də "mübarizə"dən, "müharibə"dən, "status"dan, "öz müqəddəratını təyinetmə"dən danışırlar. Hər halda ermənilər də yaxşı bilirlər ki, indi daha əvvəlki əyyamlar deyil, yalan danışığa, uydurmaya heç nə verilmir. Ermənistan üzərində şanlı qələbədən sonra dövlətimizin başçısı İlham Əliyev məğlub olan ölkəyə barış əlini uzatdı, sülh mesajlarını çatdırdı, bölgədə birgəyaşayış, əmin-amanlıq, kommunikasiyaların açılması, Qarabağdakı erməni vətəndaşlarımızın gələcək taleyi ilə bağlı beş maddədən ibarət sülh təklifini irəli sürdü. Ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsiplərini ehtiva edən təklifi masa üzərinə qoydu. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Artıq üç ilə yaxındır ki, bu prinsiplər əsasında sülh danışıqları davam etdirilir, rəsmi İrəvan hər vəchlə bu danışıqların dalana dirənməsi üçün cəhdlər edir, şərti sərhəddə təxribatlar törədir, atəşkəsi tez-tez pozur. Görünən odur ki, Ermənistan müstəqil dövlət deyil, onu başqaları idarə edir, Fransa kimi təcavüzkar bir ölkənin prezidenti açıq şəkildə barışığa və sülhün yaranmasına mane olur. Əbəs yerə Azərbaycan bölgədə yeni reallıq yaradıb, diktə edən tərəfdir, haqlı və ədalətlidir.

Sülh danışıqlarının aparılmasında böyük siyasi məharət və müdriklik nümayiş etdirən Prezident İlham Əliyevin bu yaxınlarda Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışında və "Euronews" televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər dövlətimizin başçısının qətiyyətini, polad iradəsini və gələcək baxışlarını bir daha nümayiş etdirdi. Hər iki çıxışında Prezidentimiz Xankəndidəki separatçılara, onların fitvası ilə durub-oturan haylara, Ermənistan iqtidarına və ermənipərəst əcnəbi qüvvələrə sonuncu dəfə xəbərdarlıq etdi. Çünki üçtərəfli Bəyanata görə bölgədən çıxarılmalı olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi hərbi gərginlik mənbəyidir. Həmçinin Ermənistan tərəfinin Laçın buraxılış məntəqəsində hərbi təxribat törətməsi, sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılığa cəhd edilməsi, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsi daha təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Bütün bu təxribatların qarşısını səbirlə, hünərlə alan silahlı qüvvələrimizin bölmələri sərhədlərimizi göz bəbəyi kimi qoruyurlar. Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin taleyinə bir daha aydınlıq gətirərək bildirib ki, Azərbaycan ərazisindəki ermənilərə normal həyat təklif edir. Onlar təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlarını başa düşməlidirlər. Bununla da onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar.

Bütün bəhanələrdən əli çıxan Ermənistan hakimiyyəti Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, ABŞ və Avropa İttifaqı qarşısında iddia qaldırır.

Ermənilərin haqsız iddialarını, sərsəm xəyallarını müdafiə edən, Laçın yolu haqqında qərəzli və absurd fikirlər səsləndirən Avropa parlamenti azərbaycanlıların pozulmuş hüquqlarına, erməni işğalı nəticəsində humanitar fəlakətlə üz-üzə qalan insanların həyat faciəsinə göz yumur, ayrı-seçkilik və xristian təəssübkeşliyi göstərir. Həmin Avropa Parlamenti Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min nəfər azərbaycanlının taleyinə aydınlıq gətirilməsi ilə bağlı heç bir addım atmır, bu barədə susmağa üstünlük verir. Laçın yolundan narahat olan Avropa Parlamenti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə törətdiyi cinayətlər, vandallıq aktları ilə bağlı İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş faktlara heç bir münasibət bildirməyib. Təqaüdə çıxmış şəxsləri sərhədə göndərən avroparlament nədənsə Ermənistandan işğaldan azad edilmiş minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycana verməsini tələb etmir. Politoloqların qənaətinə görə, Avropa Parlamentinin bir qrup üzvü Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin açılması və s. kimi bölgədə sülh və sabitliyə xidmət edəcək məsələləri təşviq etmək əvəzinə, təəssüf ki, yenə də özünün anti-Azərbaycan ritorikasından əl çəkmir, ölkəmizə qarşı qərəzlilik və riyakarlıq "ənənələrinə" sadiqlik nümayiş etdirir.

Çidanı çuvalda gizlətmək mümkün deyil, artıq vicdanlı və ədalətli beynəlxalq təşkilatlar bilirlər ki, Avropa Parlamentinin bir çox üzvləri müxtəlif erməni lobbi təşkilatlarının təsiri altındadırlar və bu təşkilatlar tərəfindən maliyyələşdirilirlər. Bəzi əcnəbi siyasi şərhçiləri də bildirdiklərinə görə, faktiki olaraq bu gün elə bir şərait yaranıb ki, Avropa Parlamentində siyasi korrupsiya özünün pik həddinə çatıb. Məlumdur ki, müxtəlif ölkələrdə mövcud olan zəngin erməni diaspor təşkilatları Avropa Parlamentində formalaşmış korrupsiya mühitindən yararlanaraq bu qurumda təmsil olunan deputatları cinayət əməlləri törətməyə təhrik edirlər. Rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr qurulanda Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır.

Prezidentimiz İlham Əliyev "Euronews" televiziyasına verdiyi müsahibədə bildirib ki, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Salman ALIOĞLU,

"Respublika".