Sosial həyat

"Bir ömrün iziylə" kitabının təqdimatı

Aprelin 3-də Qərbi Azərbaycan İcmasının akt zalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru,  professor Fəridə Səfiyevanın görkəmli alim, Azərbaycan elminin inkişafında misilsiz xidmətləri  olmuş, böyük ziyalı, akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 110 illiyinə həsr olunmuş "Bir ömrün iziylə" kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış alimlər və elm adamları, Milli Məclisin deputatları və başqa qonaqlar iştirak edirdilər.

"Bir ömrün iziylə" kitabı Azərbaycan fəlsəfə tarixinin banisi, milli fəlsəfə və ictimai fikir tarixi haqqında ilk fundamental əsərin müəllifi, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, akademik Heydər Nəcəf oğlu Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur. Nəfis tərtibatla nəşr olunmuş kitabda nadir arxiv sənədləri, ailə üzvləri və yaxınlarının akademik haqqında xatirələri, eyni zamanda Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində  yer alan sənədlərin siyahısı, onların fotoşəkilləri, ailə fotoalbomu yer alıb.

Kitabda müəllif qeyd edir ki, Heydər Hüseynov görkəmli alim və ziyalı olub. Mürəkkəb bir zamanda yaşayıb bütün daxili potensialını xalqına xidmətə, onun tarixini, mədəniyyətini dərindən araşdırmağa yönəltmək, elmi potensialını bu istiqamətdə səfərbər etmək, qısa zaman kəsiyində titanik iş görmək bacarığı hər insana nəsib olmur. Heydər Hüseynov məhz belə bir şəxsiyyət idi. Mən müəllif olaraq onun haqqında kitab yazmaq şansı əldə etdiyim üçün qürur duyuram, bunu vətəndaşlıq borcu hesab edirəm.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov çıxışında akademik Heydər Hüseynovun həyat və fəaliyyəti haqqında məlumat verərək vurğuladı ki, cəmi 42 il yaşasa da, irihəcmli fundamental əsərlər müəllifidir. O, çətin, keşməkeşli həyatı ilə şərəfli  ömür yaşayıb. Əziz müəllim elmi fikrimizə böyük töhfələr vermiş insan haqqında kitab ərsəyə gətirdiyinə görə Fəridə xanıma öz dərin təşəkkürünü bildirdi.

Sonra çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, akademik Heydər Hüseynov Azərbaycan ictimai fikir tarixinin ən böyük nümayəndələrindəndir. Onu da qeyd edim ki, onun haqqında hələ də böyük tədqiqat işləri aparılmalıdır. Misir müəllim Heydər Hüseynovun yaradıcılığı, ailəsi ilə bağlı geniş və əhatəli məlumat verdi.

Qərbi Azərbaycan İcması İH-in üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini, Milli Məclisin deputatı  Nizami Cəfərov, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Qərbi Azərbaycan İcması İH-in üzvü, Əməkdar jurnalist, şair-publisist Flora Xəlilova da çıxışlarında kitabın işıq üzü  görməsini yüksək dəyərləndirmiş, müəllifə öz minnətdarlıqlarını bildirmişlər.

Sonda Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan şəhər icmasının sədri, filologiya elmlər doktoru, professor  Fəridə Səfiyeva kitab haqqında dəyərli fikirlər söylədiklərinə görə çıxış edənlərə və tədbir  iştirakçılarına minnətdarlığını ifadə etdi.

Əli SADIQOV,

"Respublika".