Biləsuvarda bol məhsul yetişdirilir
Region

Biləsuvarda bol məhsul yetişdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili xarici siyasət nəticəsində ümumi daxili məhsul buraxılışında aqrar sektorun xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə artmış, ölkə büdcəsinin neftdən asılılığı xeyli azalmışdır. Qeyri-neft sektorunun aparıcı sahəsi olaraq aqrar sahənin inkişaf etdirilməsi prioritet məsələ kimi qəbul edilmişdir. Bu sahəyə hərtərəfli dövlət dəstəyi artırılmış, kənd təsərrüfatının şaxələndirilməsi üçün ardıcıl işlərə başlanılmışdır. Bu məqsədlə ənənələrə söykənən, geniş əməktutumlu sahələrdən olan pambıqçılığın inkişafı daha da diqqət mərkəzində saxlanılır.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev söhbət zamanı bildirdi ki, rayonda pambıqçılıqdan hər il yüksək məhsuldarlıq əldə olunur. Ötən təsərrüfat ilində Biləsuvarda 7458 hektar gəlirli ölkəmiz üçün ənənəvi sahələrdən olan pambıq əkilib becərilmiş, hər hektardan 24 sentner məhsul əldə olunmuşdur. 2023- ildə rayonda 791 istehsalçı ilə müqavilə bağlanılıb. "MKT İK" MMC 1435, "P-Agro" MMC 1000, "Azərpambıq ASK" ASC 1180, "TST" Təcrübə sınaq stansiyası 800, "Cotton Trade" MMC 1727, "Azərtəsərrüfat" MMC 603.8 hektar olmaqla ümumilikdə 6745.8 hektar sahədə pambıq əkilib. Əkilən sahələrdə yüz faiz çıxış əldə olunub, hazırda 131 ədəd becərmə traktorundan istifadə etməklə yaxın günlərdə birinci becərmə işləri başa çatdırılacaq. Pambıq sahələrində dərmanlama işlərini vaxtlı-vaxtında həyata keçirmək üçün 72 traktorda lazımi aqreqatlar quraşdırılaraq hazır vəziyyətə gətirilib.

Nurəddin Quliyev bildirdi ki, əvvəllər pambığın istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər aradan qaldırılmışdır. Pambığın alış qiymətinin artırılması bu qayğının daha bir parlaq nümunəsidir. İndi məhsulun əkilib becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinliklər yoxdur. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri 2023- ilin məhsulu üçün hər tona 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti 780 manata, 3- növün qiyməti 740 manata, 4- növün qiyməti 700 manata qaldırılıb.

Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 180 manat subsidiya ödənilir. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunur. İdarə rəhbəri qeyd etdi ki, hazırda rayonda 5 pambıq qəbulu məntəqəsi, 4 pambıq emalı zavodu fəaliyyət göstərir ki, burada xam pambığın qəbulu həyata keçirilir.

DAİM direktoru bildirdi ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına tam təmin edilməsi baxımından böyük önəm daşıyır. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Biləsuvar rayonunda uğurla icra olunur. İqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyulub.

Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə digər un məhsullarına tələbatı ödəməklə yanaşı, eyni zamanda, quşçuluq maldarlıq üçün yem bazası rolunu oynayır. Məhz buna görə taxılçılıq dövlətin himayəsindədir. Dövlət dəstəyinin nəticəsində ölkədə taxılçılığın genişləndirilməsi ildən-ilə inkişaf edir.

Rayonda ən məsuliyyətli bir dövr başlayıb. Biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına növbəlilik sisteminə riayət edilməsi ilə bağlı millət vəkilimiz Bəhruz Məhərrəmov, icra hakimiyyətinin başçısı Faiq Qürbətov mütəmadi olaraq fermerlərlə biçin sahələrində görüşlər keçirib, onlara zəruri məlumatlar məsləhətlərini veriblər. Rayonda 2022-ci ilin məhsulu üçün 35793 hektar dənli bitki əkilmiş, onun 9700 hektarı buğda, 26.093 hektarı arpa olmuşdur. Cari məhsul üçün isə bu rəqəm artaraq 39290.7 sahədə dənli bitkilərin əkini aparılıb ki, onun 27487.5 hektarı arpa, 11803.2 hektarı buğda sahəsidir. Biçinin itkisiz mütəşəkkil həyata keçirilməsi üçün hazırda taxıl sahələrində 72 ədəd taxılbiçən kombayndan istifadə olunur. Təbii ki, bu işlərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxılbiçən kombaynların düzgün dislokasiyasının aparılması biçinlə bağlı fermerlərin məmnunluğunu təmin edir. Rayonda 15 iyun 2023- il tarixə olan məlumata görə, 16107 hektar sahədə arpa biçilib (45905 ton), 1120 hektar sahədə buğda biçilərək 3371 ton məhsul tədarük edilib. "Kəhraba zəmi"lərin ilk məhsulları anbarlara daşınır. Tarlalarda qızğın işlər davam edir. Əminliklə deyə bilərik ki, Biləsuvar rayonu bu təsərrüfat ilini uğurla başa vuracaq.

Ərəstun ABDULOV,

"Respublika".