GÖYGÖLDƏ FERMERLƏR ÜÇÜN YENİ XİDMƏT MƏRKƏZİ İSTİFADƏYƏ VERİLİB
Region

GÖYGÖLDƏ FERMERLƏR ÜÇÜN YENİ XİDMƏT MƏRKƏZİ İSTİFADƏYƏ VERİLİB

Göygöl rayonunda New Holland texnikalarının yeni satış və xidmət mərkəzinin təntənəli açılışı olmuşdur. Tədbirdə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev və digər rayon icra hakimiyyətinin nümayəndələri, New Holland şirkətinin təmsilçiləri, xidmət mərkəzinin rəhbər və işçi heyəti, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özəl sektora göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda biznes mühitinin inkişafı barədə danışmış və bu cür təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyini qeyd etmişdir. Rayonun rəhbəri  qırmızı lenti kəsdikdən  sonra tədbir iştirakçıları mərkəzin fəaliyyəti ilə yaxından tanış oldular.

New Holland şirkətinin nümayəndələri Styuart Kempbell və Arda Levent öncə ölkədə özəl sektorun inkişafına və investisiya qoyuluşuna yaradılmış şəraitə, rayon icra hakimiyyətinin bu cür təşəbbüslərə dəstəyinə görə öz təşəkkürlərini bildirmişlər. Sonra mərkəzin qapalı satış pavilyonunda 9 model və 11 modifikasiya üzrə təmsil olunan müasir və yüksək effektivliyə malik New Holland traktoru, həmçinin 2 modeldə taxılyığan kombayn tədbir iştirakçılarına təqdim olunmuşdur. Texnikaların təqdimatından sonra tədbir iştirakçıları mərkəzin təlim salonu, kredit xidmətinin göstərilməsi ofisi, ehtiyat hissələrinin satış zonası ilə tanış olmuşlar.

New Holland markalı kənd təsərrüfatı texnikaları artıq bir neçə ildir ki, Azərbaycan fermerləri tərəfindən istifadə edilir. Yüzlərlə texnika ölkə fermerlərinin sınağından uğurla çıxmış, bu da öz növbəsində New Holland texnikalarına olan etibarı və marağı artıraraq, şirkət rəhbərliyi qarşısında yeni tələblər yaratmışdır.

Xidmət mərkəzində həmçinin xüsusi təlim salonu təchiz edilmişdir ki, bu da fermer və mexanizatorların müasir, innovativ texnikaları daha düzgün və səmərəli istifadə edə bilmələri məqsədilə mütəmadi şəkildə təlimlərin və sertifikatlaşdırma proqramlarının təşkili üçün nəzərdə tutulub. Mexaniztorlar ehtiyat hissələrinin satışı zonasında lazımi komplektləşdiriciləri əvvəlkindən daha qısa zaman çərçivəsində və daha rahat şəkildə əldə edə biləcəklər. Bundan başqa, xidmət mərkəzində dövlət dəstəyi ilə xüsusi subsidiyalaşma mexanizminə əsasən texnikaların lizinq şərtləri ilə satışı da həyata keçirilir.

Mərkəzdə ilkin mərhələdə 10 daimi iş yeri açılmışdır.  Eyni zamanda qeyd olundu ki, yaxın zamanlarda mərkəzin fəaliyyətinə əlavə olaraq texnikaların təmir zonası da yaradılacaq. Bu isə öz növbəsində əlavə 10 iş yerinin açılması, eyni zamanda fermerlərimizin daha yüksək səviyyəli xidmət əldə etməsini təmin edəcəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.