Beynəlxalq humanitar prinsiplərə əməl edilir
Sosial həyat

Beynəlxalq humanitar prinsiplərə əməl edilir

Yenicə müstəqilliyini əldə etmiş Azərbaycandakı qarışıqlıqdan istifadə edən xain düşmən misli görünməmiş cinayət əməlləri törədərək 30 ilə yaxın davam edəcək Vətən həsrətini Azərbaycan xalqının qəlbinə bir yara kimi vurdu. Öz doğma yurdundan didərgin düşənlərin, qışın ayazında meşələrdə qətlə yetirilənlərin, işgəncə görən ana və qocaların tapdalanmış hüquq və azadlıqları heç bir beynəlxalq orqan və qurum tərəfindən müdafiə edilmədi. Törədilən cinayət əməllərinə görə Ermənistan tərəfi nəinki ittiham edildi, beynəlxalq ədalət prinsipini "tənzimləyənlər" tərəfindən daha da şirnikləşdirildi. Amma vandal və faşist əməllər təkcə Azərbaycana qarşı yox, bütün bəşəriyyətə qarşı törədilmiş hesab edilməli idi.

Lakin qlobal güclərin həmin dövrdə insan hüquqlarını və beynəlxalq ədalət prinsiplərini görməzdən gəlməsi göstərdi ki, onlar körpələrin diri-diri yandırılmasını, təcavüzü, maddi-mədəni irsin məhvini daha üstün tuturlar. İndi isə sözügedən qüvvələr Xankəndi və ətrafındakı "soyqırımı", "humanitar böhran" və s. erməni manipulyasiyalarından dəm vuraraq növbəti dəfə həqiqətə kölgə salmaqla məşğuldurlar. Unudulmamalıdır ki, Azərbaycan tarixi ədaləti, 1 milyona yaxın soydaşımızın tapdalanmış hüquq və azadlıqlarını döyüş meydanında bərpa edərək beynəlxalq hüququn və müxtəlif mexanizmlərin işləmədiyini sübuta yetirmiş oldu. Uzun müddət məsələnin sülh yolu ilə həlli üçün "səy göstərən" güc dairələrinin bu davranışının vaxt uzatma cəhdləri olduğu isə ifşa edildi.

Əfsuslar olsun ki, bu gün də aqressora qarşı yanaşma dəyişməyib. Dəyişməz qalan tək şey Azərbaycan dövlətinin regional və beynəlxalq inkişafa verdiyi töhfə və bütün problemlərin danışıqlar əsasında həllinin mütləqliyini diktə etməsidir. Xüsusilə, sülh prosesindəki müəyyən irəliləyişinin müəllifi də məhz Azərbaycandır. Hansı ki, 44 günlük Vətən müharibəsində zəfər qazanmış, diplomatik sferadakı uğurları ilə hərb meydandakı qələbəni bütün dünyaya diktə etməyi bacarmış bir ölkə kimi Azərbaycan bu təşəbbüsü göstərməyə də bilərdi. Lakin regional rifah, əldə edilə biləcək iqtisadi dividendlər, digər ölkələrin Cənubi Qafqaz üzərindən reallaşdırmaq istədiyi layihələr sülh nəticəsində reallaşa bilər. Lakin əsas səbəb və prinsip Azərbaycan dövlətçilik ənənəsinə uyğun humanitar və beynəlxalq ədalət çərçivəsində hərəkət etməkdir ki, ölkəmiz bunu layiqincə yerinə yetirir.

Bunun qarşılığında isə daha da, dəridən-qabıqdan çıxan, manipulyasiya və spekulyasilara əl atan, bölgədəki hərbi qüvvəni artıran Ermənistanla qarşılaşırıq ki, artıq bu da Azərbaycan üçün tanış mənzərədir. Digər tərəfdən, beynəlxalq qurum və təşkilatların bu qəbildən çıxışları, erməni havadarlığı heç bir məntiqə uyğun deyil. Laçın dövlət sərhədində baş verən gərginlik və Azərbaycanın ittiham edilməsi deyilənlərə əyani misaldır. Vurğulamaq yerinə düşər ki Azərbaycan Respublikası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi kimi bəyan etmişdir. Buna uyğun olaraq, respublikamızda ardıcıl demokratik islahatlar həyata keçirilmiş, milli qanunvericiliyimiz təkmilləşdirilərək insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmişdir.

Ermənistanın Azərbaycanla razılaşdırılmadan Laçın dövlət sərhədində "humanitar yük" keçirmə planlarının suya düşməsindən sonra yaranan "humanitar şou" müxtəlif fazalarda özünü büruzə verdi. İlk öncə TIR-ların nümayişi, beynəlxalq şəxslərin əraziyə cəlb edilməsi ilə manipulyativ planın əsası qoyulmuş oldu. Hayların məqsədi saxta beynəlxalq ictimai fikir formalaşdırmaq idi ki, guya Xankəndidə insanlar acından ölür. Lakin bütün bunların hamısı beynəlxalq arena və dünya ictimaiyyəti qarşısında ifşa edildi. Belə ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirdi. Sözügedən iclasın baş tutmasından əvvəl Ermənistan tərəfi əsaslı nəticə əldə edəcəyini güman etsə də, iclas onların diplomatik müstəvidəki növbəti fiaskosu ilə nəticələndi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışaraq hayların yalanlarını bir-bir ifşa etdi. Ermənistan xarici işlər nazirinin əsassız iddiaları Yaşar Əliyevin Xankəndidəki ermənilərin ziyafət fotolarını sərgiləməsi ilə puç edildi. Nəticədə Ermənistan tərəfi diplomatik sferada növbəti məğlubiyyətə uğradı.

Növbəti dəfə isə hayların biabırçılığı daha aydın şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Beynəlxalq media nümayəndələri və atteşelər əraziyə səfər edərək məsələdən əyani xəbərdar oldular. Digər tərəfdən, Azərbaycan öz suveren ərazilərində məskunlaşmış erməni azlığına humanizm nümunəsi göstərərək Qızıl Aypara Cəmiyyəti vasitəsilə humanitar yardım məqsədilə 40 tonluq 2 yük maşını un məmulatı göndərdi. Hansı ki, bu yüklər hələ də, "acından ölən" haylar tərəfindən qəbul edilmir. Azərbaycan dövləti sübut etmiş oldu ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır və bölgədəki gərginlik məhz onlar tərəfindən yaradılır.

Hayların təmin edilməsi məsələsinə gəlincə isə bu xüsusda, hər hansı bir problem yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin erməni bürosunun istər Ermənistanda, istərsə də Qarabağda fəaliyyət göstərən nümayəndələri hələ Birinci Qarabağ müharibəsində separatçılarla işbirliyi çərçivəsində qanunsuz fəaliyyətlə məşğul olmasına, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanmasına baxmayaraq, Azərbaycan bu təşkilatın leqal fəaliyyətinə kölgə salmır.

Lakin həqiqətləri söyləməmək olmaz. Bu həmin BQXK-dır ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərməli olduğu dəstəyi indi Xankəndidə toy-bayram edən haylara göstərir. İndi orada məskunlaşan erməni azlığının isti yeməyə, məskunlaşmaq üçün evə ehtiyacı yoxdur. Lakin Şuşadan, Xocalıdan və digər ərazilərimizdən əliyalın halda qaçıb canını qurtarmaq istəyən soydaşlarımızın buna ehtiyacı var idi. Soyuqda donan körpələrin xilas edilməsinə, qoca və yaşlıların təhlükəsizliyinin təmin edilməsinə səy göstərilməli idi. Ararat Mirzoyanın BMT-nin təcili iclasında göstərdiyi körpələr bu gün sağ-salamatdır. Lakin bizim balalarımızın bəzilərinin taleyi isə hələ də sual altındadır.

Nurlan ABDALOV,

  "Respublika".