Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub
Digər xəbərlər

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub

Noyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 52-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

BƏƏ-nin səfiri Məhəmməd Əl Bluşi ölkəsinin inkişaf tarixindən danışıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 ildən çox vaxt keçdiyini qeyd edən diplomat Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr qarşılıqlı əlaqələrin davamlı inkişafına öz müsbət təsirini göstərir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur. Ticari, iqtisadi, siyasi və mədəni əlaqələrin səviyyəsi getdikcə artır.

Səfir bildirib ki, hər iki ölkənin vətəndaşları vizadan azad edilib: "Biz bərpaolunan enerji, neft-qaz və digər sahələrdə əməkdaşlıq edirik. Bununla bağlı 40 sənəd imzalanıb".

2023-cü ilin ölkəsində "Davamlılıq ili" elan olunduğunu diqqətə çatdıran diplomat BƏƏ-nin dünya miqyasında davamlı iqtisadi inkişaf modeli yaratdığını vurğulayıb. O deyib ki, milli sərvət baxımından BƏƏ beynəlxalq yardımın ən böyük donorlarından biridir. Səfir BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artdığını da qeyd edib.

Məhəmməd Əl Bluşi çıxışının sonunda ölkələrimiz arasında münasibətlərin inkişafının yüksək səviyyəli tempdə davam edəcəyinə əminliyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən elm və təhsil naziri Emin Əmrullayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir.

Ölkələrimiz arasındakı əlaqələrin, təmasların getdikcə intensiv xarakter aldığını qeyd edən nazir bir sıra istiqamətlər kimi, tələbə mübadiləsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına imkan verir.

"Dövlət başçılarının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edərək dərinləşəcək", - deyə Emin Əmrullayev bildirib.

Tədbir konsert proqramı ilə davam edib.