Azərbaycanın sülh təşəbbüsünə Ermənistan əngəl törədir
Siyasət

Azərbaycanın sülh təşəbbüsünə Ermənistan əngəl törədir

Son zamanlar Ermənistan ölkəmizə qarşı hərbi təxribatları artırıb. Azərbaycanla şərti sərhəddə atəşkəsi pozan Ermənistanın hansı qüvvələrin təhriki ilə bu cür yollara əl atması da hər kəsə bəllidir.

Aprelin 5-də Brüsseldə baş tutan üçtərəfli görüşün regiona təsirsiz ötüşməyəcəyi məlum məsələ idi. Bunu gözləmək üçün çox vaxt lazım olmadı. Elə aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutuldu. Təxribatlar isə hələ də davam edir. Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Buna cavab olaraq ordumuzun bölmələri adekvat tədbirlər görüb.

Burada diqqətçəkən ən vacib məqam həmin hərbi təxribatların ABŞ-Ermənistan-Avropa İttifaqı üçtərəfli görüşünün keçirildiyi gündən sonra baş verməsidir. Hadisələrin gedişindən də aydın olur ki, 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında darmadağın edilən Ermənistan orudusunu yenidən ruhlandıran Qərbdən gələn dəstəkdir. Hələ 5 aprel görüşündən əvvəl dövlət başçımız ABŞ Dövlət katibinə anti-Azərbaycan mahiyyəti daşıyan addımların regionda yeni təxribatlar törədilməsinə xidmət edəcəyini bildirib, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini vurğulayıb. ABŞ rəsmisi Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirsə də, bunun doğru olmadığı elə ilk gündən bəlli oldu.

Ermənistana dəstək göstərən ABŞ və Aİ rəsmilərinin görüşdən əvvəl dövlət başçımıza zəng etməsi isə ona işarədir ki, dünyanın siyasi mərkəz rəhbərləri Prezident İlham Əliyevin nüfuzuna hörmət bəsləyirlər. Çox güman ki, Ursula Fon der Lyayenin də Azərbaycan Lideri Prezident İlham Əliyevlə telefon danışığı Nikol Paşinyan üçün "soyuq duş" effekti yaradıb.

Ermənistanın Brüssel görüşünün "nəticəsi" olaraq yeni qarşıdurma istəyi Şərqi Avropa və Yaxın Şərqdə baş verən hadisələri Cənubi Qafqaza daşımaqdan ibarətdir. Xüsusilə Fransa bu işdə gərgin "əmək" sərf edir.

Azərbaycan isə hər zaman olduğu kimi, sülhün və sabitliyin tərəfdarıdır və hər hansısa mübahisəli məsələni danışıqlar masasında həll etməyi prioritet istiqamət olaraq görür. Torpaqlarının 30 ilə yaxın işğalı və bir milyona yaxın qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, rəsmi Bakı bu amili heç vaxt müharibə aləti kimi istifadə etməyib. Yalnız 2020-ci ildə Ermənistanın yenidən hücum etməsinə cavab olaraq uğurlu əməliyyatlar aparılıb və öz torpaqlarını işğaldan azad edib. Azərbaycanın İkinci Qarabağ müharibəsində qalibiyyəti regiona sabitlik gətirib.

Ölkəmiz regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, haylar davranışları ilə sülhə maraqlı olmadıqlarını göstərirlər. Sözügedən görüşdən öncə Ermənistanın Azərbaycanla şərti sərhədə ağır texnika və əsgər toplamağı deyilənlərin əyani sübutudur.

Lakin Ermənistan anlamalıdır ki, Fransanın diktəsilə etdiyi təxribatların onlara heç bir faydası olmayacaq. Və əgər gələcəkdə hər hansı bir müharibə olacaqsa, Fransa buna sadəcə seyirci kimi qalacaq. Necə ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində bu, belə olmuşdu. Fransanın İkinci Qarabağ müharibəsindən bəri atdığı addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını ləngidir. Fransa dəfələrlə ölkəmizə qarşı beynəlxalq institutlar vasitəsilə təsir göstərməyə cəhd edib. Rəsmi Paris dəfələrlə Azərbaycan əleyhinə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə təşəbbüs göstərsə də istəyinə nail ola bilməyib. Yalnız parlament səviyyəsində qərəzli sənədlər qəbul etməklə kifayətlənib.

Makron başda olmaqla Fransa dövlət rəsmiləri tamamilə reallıqdan uzaq, qeyri-obyektiv açıqlamalar verirlər. Bütün bunların tək məqsədi Azərbaycana təzyiq göstərməkdir. Amma bu tam olaraq əks təsir göstərir. Bu gün Azərbaycan öz ədalətli mövqeyi ilə Fransanın ört-basdır etdiyi cinayətlərinin işıq üzünə çıxmasına səy göstərir, Fransanın yürütdüyü neokolonializm siyasətindən əziyyət çəkən, müstəmləkə həyatı yaşayan xalqların yanında yer alır.

Musa BAĞIRLI,

"Respublika".