Azərbaycanın idman tarixinə növbəti şanlı səhifə yazıldı
İdman

Azərbaycanın idman tarixinə növbəti şanlı səhifə yazıldı

Qarşıda idmançılarımızı mötəbər yarışlar gözləyir

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradır.

Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə evsahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda çoxlu sayda medallar və mükafatlar qazanması respublikamızı dünyada idman ölkəsi kimi tanıdıb.

Cənab İlham Əliyevin 2003-cü ildə ölkə Prezidenti seçilməsindən sonra da MOK-un rəhbəri vəzifəsində qalması dövlət başçımızın idmanın və olimpiya hərəkatının inkişafına, gənclərin sağlam və gümrah yetişmələrinə, onların bədən tərbiyəsi və idmanla daha sıx məşğul olmalarına göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.

İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına yönəlmiş siyasi xətti idmanımızın inkişafına daha böyük töhfələr verəcək. Hər il ölkə Prezidenti tərəfindən idman ictimaiyyətini sevindirən sərəncamlar imzalanır, idmançılar və idman mütəxəssisləri fəxri ad və dövlət mükafatları ilə təltif olunurlar. Ölkəmizdə fəaliyyət göstərən federasiya və idman qurumları ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunub.

Azərbaycanın iqtisadi qüdrəti möhkəmləndikcə, idmana dövlət səviyyəsində qayğı artırılır. Bunun sayəsində isə idmanda əldə edilən nəticələr ildən-ilə yüksəlir. Məsələn, 2000-ci ildən başlayaraq, Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görürük ki, hər 4 ildən bir baş tutan oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artıb. Bu isə özlüyündə müsbət dinamikadan xəbər verir. Azərbaycanın müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakı 1996-cı ildən başlanmışdı. Müstəqilliyimizin bərpasından sonra qatıldığımız Olimpiya Oyunlarında - 1996-cı ildə Atlantada (ABŞ) 1, 2000-ci ildə Sidneydə (Avstraliya) 3, 2004-cü ildə Afinada (Yunanıstan) 5, 2008-ci ildə Pekində (Çin) 7, 2012-ci ildə Londonda (Böyük Britaniya) 10 medala sahib olmuşuq. Milli komandamız 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) medalların sayını birdən-birə 18-ə çatdırmışdır. İdmançılarımız medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, keçmiş Sovet respublikaları arasında Rusiyadan sonra 2-ci və müsəlman aləmində 1-ci yerdə qərarlaşmışdır.

Bütün bunlar Azərbaycan idmanının sürətli inkişafının və dövlətin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir. Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri arasında inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə yüksək səviyyədə inamın, etibarın təsdiqi və təntənəsi idi. Bu inam və etibarın əsasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanırdı. Azərbaycan müstəqillik yolu ilə irəlilədiyi qısa müddət ərzində dünya idman tarixində öz sözünü deyib, Olimpiya Oyunları salnaməsində yeni səhifə yazıb. Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq idman aləmində layiqli yer qazanıb və Olimpiya ölkəsinə çevrilib.

Dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. "Bakı-2017"də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular.

Avqustun 10-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edən Azərbaycan Prezidenti respublikamızı təmsil edən idmançılarla görüşündə “...Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir”, - deyə bildirmişdir.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 55 ölkədən atletlər idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə apardılar. Azərbaycan İslamiadada 281 idmançı ilə ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayaraq uğurlu nəticə əldə etdi. Oyunları 29 qızıl, 36 gümüş və 34 bürünc medalla başa vuran idmançılarımız ümumilikdə 99 medal qazanaraq 55 ölkə arasında 4-cü yerdə qərarlaşdı. Bu, idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verir. Odur ki, idmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edir, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc və qürur hissi yaradır.

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib ki, Konyadan Vətənə böyük qələbə ilə qayıtmısınız: "Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır".

Eyni zamanda görüşdən əldə olunan yüksək nəticə ilə əlaqədar avqustun 22-də Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayrılması haqqında sərəncam imzalamışdır. Həmçinin sərəncamda idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydaların hazırlanması tapşırılıb. Bu, idmana göstərilən diqqət və qayğının sadəcə bir nümunəsidir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir.

V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə dövlətimizin başçısı daha sonra bildirmişdir: "...Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq".

İdmançılarımız bütün beynəlxalq yarışlarda olduğu kimi, İslamiadada həm öz güclərini, həm də dövlətimizin qüdrətini nümayiş etdirdilər. Sözsüz ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir.

Bəli, əminliklə deyə bilərik ki, idman Azərbaycanın dövlət siyasətidir və hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək prioritet vəzifədir.

Türkiyənin Konya şəhərindən böyük qələbə ilə qayıdan idmançılarımız ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar. Belə ki, idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil etdilər. Hazırda qalib ölkənin qalib idmançıları ilə qələbənin sevincini yaşayırıq.

Qarşıda isə idmançılarımızı daha bir mötəbər yarış - iki ildən sonra keçiriləcək Yay Olimpiya Oyunları gözləyir. İnanırıq ki, idmançılarımız bu mötəbər yarışda da uğurlu çıxışları ilə xalqımızı sevindirəcəklər. Azərbaycanın üçrəngli bayrağı daim zirvələrdə dalğalanacaqdır!

Müşfiq MİRZƏ,

"Respublika".