İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

"Qarabağ" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib. Açılış matçında "Qarabağ" komandası "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"da keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 16-ya çatdıran "Qarabağ" turnir cədvəlində ikinci pilləyə yüksəlib. Altı xalı olan "Sumqayıt" isə yeddinci sırada qərarlaşıb. Qeyd edək ki, turun "Turan Tovuz" - "Neftçi" və "Səbail" - "Sabah" oyunları sentyabrın 30-da, "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" görüşləri isə oktyabrın 1-də keçiriləcək.

"Sabah" klubu Şimali Makedoniyaya yollanıb

"Sabah" basketbol klubu FIBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunlarında iştirak etmək üçün Şimali Makedoniyanın paytaxtı Skopyeyə yollanıb. Bu gün Bakı vaxtı ilə saat 21:25-də Skopyeyə çatacaq. Qeyd edək ki, "Sabah" qrup mərhələsində ilk oyununu oktyabrın 2-də Niderlandın "Qroningen" klubuna qarşı keçirəcək.

Avropa Liqası: "Qarabağ"ın İsveçə səfər planı bəlli olub

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda "Hekken" komandasının qonağı olacaq "Qarabağ"ın İsveçə səfər planı açıqlanıb. Ağdam təmsilçisi oktyabrın 3-də  Skandinaviya ölkəsinə yola düşəcək. Oktyabrın 4-də komandanın açıq məşqi olacaq. Qeyd edək ki, oktyabrın 5-də "Ullevi" stadionunda keçiriləcək "Hekken" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

FIDE oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) oktyabr ayı üçün reytinq cədvəlində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrossmeyster 2745 xalla 14-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov (2734) isə 1 pillə geriləyərək, 17-ci sıraya enib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) 58-ci yerə yüksəlib. Qədir Hüseynov isə reytinq cədvəlini tərk edib.  Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".